ANA SƏHİFƏ » Qərarlar » 11.06.18 “Marine Plaza” MMC şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15/09/17-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

11 iyun 2018-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Ziyad Abbaszadənin,

ekspert PraysvoterhausCopers Hüquq və Vergi xidmətlərinin baş hüquq meneceri Emin Kərimovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN  ETDİ:

              

“River İnşaat Makine Gida Tarım Sanayi və Ticaret Limited” Şirkəti (bundan sonra – Şirkət) “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Marine Plaza” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 7 iyun 2011-ci il tarixində imzalanmış çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki və elektrik sistemlərinin quraşdırılmasına dair 2 podrat müqaviləsi və həmin müqavilələrə əlavə razılaşmalar üzrə görülmüş işlərin dəyərinin ödənilməsini və inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsini xahiş etmişdir.

“Marine Plaza” MMC isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək podrat müqavilələrinə uyğun olaraq binada mexaniki və elektrik işlərinin tamamlanmaması nəticəsində yerinə yetirilməyən öhdəliklər üzrə Şirkətə qarşı pul tələbi irəli sürmüşdür.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 yanvar 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək cavabdeh “Marine Plaza” MMC-dən ödənişlərin iddiaçı Şirkətin xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi və “Marine Plaza” MMC-nin pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.   

  Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə Şirkət və “Marine Plaza” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.    

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 15 sentyabr 2017-ci il tarixli qərarı ilə tərəflərin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 

“Marine Plaza” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək  Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi şikayətində qeyd etmişdir ki, müqavilələr üzrə öhdəliklərin Şirkət tərəfindən yerinə yetirilib-yetirilməməsinin qanunvericiliklə nəzərdə tutulan qaydada araşdırılmaması barədə apellyasiya və kassasiya şikayətlərində irəli sürdüyü dəlillərə həmin məhkəmələr cavab verməyərək gəldikləri nəticələri əsaslandırmamışlar.  

“Marine Plaza” MMC şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 752.1, 754.2, 762, 765, 766, 769 və 771-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, Mülki Məcəllənin tətbiq edilməli olmayan 754.1 və 770-ci maddələri tətbiq edilmiş, həmin Məcəllənin 385.1, 386.1, 397.1, 442 və 448.1-ci maddələri düzgün şərh edilməmiş, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 417.1.3 və 418.1-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət hüququ və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin II hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir.

Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin müqavilə, müqavilə azadlığı, müqavilə öhdəlikləri, həmçinin öhdəliyin icrasını və onun icra edilməməsi üçün məsuliyyət nəzərdə tutan bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar.

Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).

Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)”  prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir.

Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə,  əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.

Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.

Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Marine Plaza” MMC ilə Şirkət arasında 7 iyun 2011-ci il tarixində “Marine Plaza” MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik və mexaniki sistemlərin quraşdırılmasına dair iki podrat müqaviləsi imzalanmışdır. Hər iki müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır.

Eyni zamanda, tərəflər mexaniki sistemlərin quraşdırılmasına dair podrat müqaviləsi üzrə görüləcək işlərin, material və avadanlıqların artmasını nəzərə alaraq, 11 iyul 2013-cü il tarixli 1 saylı əlavə razılaşma bağlamış, 25 noyabr 2013-cü il tarixli 2 saylı əlavə razılaşma ilə isə “Marine Plaza” MMC-nin Şirkətə qalan borcunun müvafiq məbləğini təsdiqləmiş, həmin borcun ödənilməsi qrafikini, habelə Şirkət tərəfindən tamamlanmalı olan işləri müəyyənləşdirmişlər. Bundan sonra tərəflər elektik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsinə 9 yanvar 2014-cü ildə əlavə razılaşma imzalamışlar. Həmin əlavə razılaşmada Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsi və buna müvafiq olaraq müəyyənləşdirilmiş qrafik üzrə ödənişlərin həyata keçirilməsi razılaşdırılmışdır. Beləliklə, tərəflər göstərilən müqavilələr üzrə ödənişlərin görüləcək işlərin nəticəsindən asılı olaraq hissə-hissə həyata keçiriləcəyini razılaşdırmışlar.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət  daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.   

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın qeyd edilən normaları məhkəmələrdə işlərə baxılarkən prosessual qaydalara dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.

Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 14.1, 77, 88, 217.1 və 217.3-cü maddələri).

Beləliklə, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

Hazırkı iş üzrə birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.

Eyni zamanda, məhkəmələr “Marine Plaza” MMC ilə Şirkət arasında bağlanmış 7 iyun 2011-ci il tarixli “Marine Plaza” MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətinə gələrkən Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və 11 iyun 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə 9 yanvar 2014-cü il tarixində 1 saylı əlavə razılaşma  imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır.      

Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 392.2-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.

Lakin apellyasiya instansiyası məhkəməsi tərəflərin podrat müqavilələri üzrə öhdəliklərini yerinə yetirib-yetirməmələri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələri).

“Marine Plaza” MMC-nin kassasiya şikayəti üzrə işə baxmış Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edilməməsinə diqqət yetirməmiş, nəticədə Mülki Prosessual Məcəllənin  416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Şirkətin “Marine Plaza” MMC-yə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin  416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.     

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu   

 

QƏRARA  ALDI:

  

1. “River İnşaat Makine Gida Tarım Sanayi və Ticaret Limited” Şirkətinin “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

    

Sədr                                                                        Fərhad Abdullayev