Normativ
hüquqi aktlar haqqında
Azərbaycan
Respublikasının Konstitusiya Qanunu
Bu Konstitusiya Qanunu normativ hüquqi aktların
hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması,
şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Bu Konstitusiya
Qanununda istifadə olunan əsas anlayışlar
1.0.
Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1.
normativ hüquqi akt — tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə,
qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər
üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş,
hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər
dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı
rəsmi sənəd;
1.0.2. qanunvericilik aktları — Azərbaycan Respublikasının
qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar;
1.0.3. normativ xarakterli akt — bu Konstitusiya Qanununun
4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi
davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə
tutulmuş müəyyən formalı rəsmi sənəd;
1.0.4. hüquqi akt — normativ hüquqi akt, normativ
xarakterli akt və ya qeyri-normativ hüquqi akt;
1.0.5. qanunvericiliyin sistemləşdirilməsi —
normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid
sistemə çevrilməsi üzrə fəaliyyət;
1.0.6. inkorporasiya — normativ hüquqi aktların məzmunu
dəyişdirilmədən müəyyən qaydada toplularda (külliyyatlarda) birləşdirilməsi;
1.0.7. məcəllələşdirmə — normativ hüquqi aktların
forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ hüquqi
aktlarda birləşdirilməsi;
1.0.8. qanunlar külliyyatı — Azərbaycan
Respublikasının qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu;
1.0.8-1. Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu (bundan sonra — toplu) — qəbul edilmiş Azərbaycan Respublikası
qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının dərc edildiyi aylıq rəsmi toplu;
1.0.9. qanunvericilikdə boşluqlar — konkret
ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması;
1.0.10. qanunun analogiyası — konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin
ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik
normalarının tətbiq edilməsi;
1.0.11. hüququn analogiyası — yalnız konkret
ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin
məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid
prinsiplərin tətbiq edilməsi;
1.0.12. normativ hüquqi aktların kolliziyası —
eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların
ziddiyyəti (uyğunsuzluğu);
1.0.13. normayaratma fəaliyyəti — normativ hüquqi
aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər
edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi
üzrə fəaliyyət;
1.0.14. normayaratma fəaliyyətinin subyekti —
normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər);
1.0.15. qanunvericilik təşəbbüsü — Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə müəyyən edilmiş
subyekt tərəfindən qanun layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə rəsmən təqdim edilməsi;
1.0.16. normativ hüquqi aktın rəsmiləşdirilməsi —
normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;
1.0.17. normayaratma orqanı — normativ hüquqi
aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı;
1.0.18. normayaratma prosesi — dövlət orqanının
normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə
normayaratma fəaliyyəti;
1.0.19. normayaratma texnikası — normativ hüquqi
aktların layihələrinin hazırlanması qaydalarının sistemi;
1.0.20. normativ hüquqi aktın açıqlanması —
normativ hüquqi aktın rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, digər kütləvi
informasiya vasitələrinin və ya başqa mümkün kommunikasiya vasitələrinin köməyi
ilə rəsmi yayılması yolu ilə ümumi diqqətə çatdırılması;
1.0.21. lokal normativ hüquqi akt — qüvvəsi bir və
ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt;
1.0.22. texniki normativ hüquqi aktlar — texniki
reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, standartlar,
o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları,
texniki şərtlər, aviasiya qaydaları, zoogigiyena, baytarlıq,
baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları,
gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi
qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi
normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və
qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və
qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, texniki-iqtisadi məlumatların
dövlət təsnifatı, dövlət statistika müşahidələrinin formaları və onların
doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və
hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və
aparılmasına dair təlimatlar, idarə hesabat formaları və onların doldurulmasına
dair göstərişlər, daşınmaz maddi tarixi-mədəni dəyərlərin qorunması zonalarının
layihələri, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə texniki
normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş) digər
normativ hüquqi aktlar;
1.0.23. normativ hüquqi aktda dəyişikliklərin
edilməsi — normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə
normaların daxil edilməsi;
1.0.24. normativ hüquqi aktdan sui-istifadə
imkanı — normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına
kömək edən müddəaların mövcudluğu;
1.0.25. diskresion səlahiyyətlər — orqanın (şəxsin)
öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri;
1.0.26. dispozitiv imkan — orqanın (şəxsin) öz
seçimi ilə davranış imkanı;
1.0.27. normativ hüquqi aktın hüquqi qüvvəsi —
normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini,
habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini
müəyyən edən xarakteristika.
Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
2.1. Normativ hüquqi aktların növləri Azərbaycan
Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.
2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və
151-ci maddəsi ilə müəyyən edilir.
2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra
— referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan
Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan
Respublikasının Konstitusiyası tətbiq edilir.
2.4. Qanun, fərman və ya digər normativ hüquqi
akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir.
2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil
etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
2.6. Fərman və ya digər normativ hüquqi akt
qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla
ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq
edilir.
2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların,
reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi
aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.
2.10. Naxçıvan Muxtar Respublikasının dövlət
orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası
Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri ilə müəyyən
edilir.
Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və
ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya
digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ
hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq
normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına
istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar
aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamları;
3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatını həyata keçirən orqanların aktları;
3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq
qeyri-normativ hesab edilən digər hüquqi aktlar.
Maddə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi
4.1. Azərbaycan Respublikasının normativ
xarakterli aktları aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul
edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarları, təlimatları və izahları;
4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;
4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5. Azərbaycan Respublikası Audiovizual
Şurasının qərarları;
4.1.6. yerli özünüidarə orqanlarının qərarları;
4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2. Normativ xarakterli aktlar onların icra
olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
4.3. Normativ xarakterli aktlar müvafiq normativ
hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində
nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ
xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə
ziddiyyət təşkil edə bilməz.
Maddə 5. Bu Konstitusiya Qanununun tətbiq dairəsi
5.1. Bu Konstitusiya Qanunu Azərbaycan
Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc
edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən
edir.
5.2. Bu Konstitusiya Qanunu referendum aktlarının
hazırlanması, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına
şamil edilir.
5.3. Bu Konstitusiya Qanunu aşağıdakı aktların rəsmiləşdirilməsi,
dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına
şamil edilir:
5.3.1. beynəlxalq müqavilələr;
5.3.2. texniki normativ hüquqi aktlar;
5.3.3. lokal normativ hüquqi aktlar;
5.3.4. normativ xarakterli aktlar.
5.4. Ələt azad iqtisadi zonasının ərazisində «Ələt azad
iqtisadi zonası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və
həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində
məcburi hüquqi qüvvəyə malikdir.
Maddə 6. Normativ hüquqi aktlar sistemi
Normativ hüquqi aktlar onların iyerarxiyasının müəyyən
edilməsi, qarşılıqlı uzlaşdırılması, habelə daxili uzlaşdırma ilə səciyyələnən
və ictimai münasibətlərin hüquqi tənzimlənməsini təmin edən Azərbaycan
Respublikasının müvafiq qanunlar külliyyatının hazırlanması yolu ilə vahid
sistemə salınır.
Maddə 7. Dövlət orqanlarının qəbul etdikləri normativ hüquqi aktlar barəsində
hüquq varisliyi
7.1. Normativ hüquqi aktlar qəbul etmək hüququna
malik olan dövlət orqanı yenidən təşkil edildikdə onun hüquq varisinə normativ
hüquqi aktları qəbul etmək hüququ ilə yanaşı, səlahiyyətləri daxilində, əvvəllər
qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini
dayandırmaq və ləğv edilməsi səlahiyyəti verilir.
7.2. Dövlət orqanı ləğv edildikdə və ya onun
hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul etmək hüququna malik
olmamaqla yenidən təşkil edildikdə, əvvəllər qəbul edilmiş normativ hüquqi
aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv
edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına verilir.
7.3. Müvafiq normativ hüquqi aktları qəbul edən
dövlət orqanının statusunun dəyişdirilməsi əvvəllər qəbul edilmiş normativ
hüquqi aktların qüvvəsinin itirilməsinə səbəb olmur.
7.4. Dövlət orqanının adı dəyişdirildikdə və ya
bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə
yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə
hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı
əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana
tam həcmdə şamil olunur.
7.5. Dövlət orqanı bölündükdə və ya ayrıldıqda
onun yenidən təşkili haqqında qərarda səlahiyyətlərin aydın bölgüsü nəzərdə
tutulmalıdır və həmin qərar hansı normativ hüquqi aktların yeni yaradılmış
hansı dövlət orqanlarına hansı həcmdə şamil edilməsini müəyyənləşdirməyə imkan
verməlidir. Bu zaman bölünmə və ya ayrılma haqqında qərarı qəbul etmiş dövlət
orqanı üç ay müddətində müvafiq normativ hüquqi aktlarda bütün zəruri dəyişikliklər
edilməsini təmin etməlidir.
Maddə 8. Normayaratma fəaliyyətinin əsas prinsipləri
8.0. Normayaratma fəaliyyəti Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində göstərilən
prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
8.0.1. Azərbaycan Respublikasının
Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
8.0.2. aşağı dövlət orqanlarının aktlarının
yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
prinsip və normalarının üstünlüyü;
8.0.4. mütənasiblik;
8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında
cavabdehliyi;
8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi
və şəffaflığı;
8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi;
8.0.8. insanların hüquq və azadlıqlarının,
onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin
sistemliliyi və kompleksliyi.
Maddə 9. Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq
9.1. Normayaratma orqanlarının fəaliyyətində
aşkarlıq aşağıdakı vasitələrlə təmin edilir:
9.1.1. normayaratma orqanlarının fəaliyyəti və
onların qəbul etdikləri normativ hüquqi aktlar haqqında fiziki və hüquqi şəxslərin
məlumatlandırılması;
9.1.2. normativ hüquqi aktların rəsmi nəşrlərdə,
digər kütləvi informasiya vasitələrində dərc edilməsi və ya onların digər
üsullarla açıqlanması;
9.1.3. normativ hüquqi aktların layihələrinin
normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi.
9.2. Normayaratma orqanının qərarı ilə normativ
hüquqi aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla bilər.
II fəsil.
Normativ hüquqi aktların kolliziyası
Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları
10.1. Normativ hüquqi aktların kolliziyası həll
edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır.
10.2. Normativ hüquqi aktı qəbul edən dövlət
orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət
verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni
kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi
aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
10.3. Ziddiyyət təşkil edən normativ hüquqi
aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ
hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə
sahəsinə aiddir.
10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi
normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin
dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə
daha yüksək hüquqi qüvvəyə malikdir.
10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə
və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi
aktların kolliziyası hesab edilmir.
10.7. Dövlət orqanlarının struktur bölmələri
normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyildirlər.
10.8. Naxçıvan Muxtar Respublikasında normativ
hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin
tələbləri nəzərə alınır.
Maddə 11. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması
qaydalarının tətbiqinin ardıcıllığı
11.0. Normativ hüquqi aktların kolliziyası
aşağıdakı ardıcıllıqla aradan qaldırılır:
11.0.1. birinci növbədə ardıcıl olaraq bu
Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir;
11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci
növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin
normaları tətbiq edilir.
Maddə 12. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının
üsulları
12.1. Normativ hüquqi aktların kolliziyası
aşağıdakı üsullarla aradan qaldırılır:
12.1.1. normativ hüquqi aktın ləğv edilməsi;
12.1.2. normativ hüquqi aktda dəyişikliklər edilməsi;
12.1.3. normativ hüquqi aktların məcəllələşdirilməsi.
12.2. Normativ hüquqi aktların kolliziyasına
yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı onların qəbul olunması ilə əlaqədar
ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni
zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim
olunan qanun və Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri
ilə yanaşı onların qəbul edilməsi ilə əlaqədar ləğv və dəyişikliklər edilməli və
hazırlanmalı olan Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri də
eyni zamanda təqdim olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur
elementlərinin) siyahısı müəyyən edilməlidir.
12.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların
kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə bu
Konstitusiya Qanununun 12.1.1-12.1.3-cü maddələrində göstərilən tədbirlər
görülməlidir.
III fəsil. Qanunvericilikdə boşluqlar
Maddə 13. Hüququn
analogiyasından və qanunun analogiyasından istifadə olunması qaydası
13.1.
Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda
hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.
13.2.
Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə
oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13.3.
Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması
ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət
olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə,
oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
13.4.
Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına
görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən
qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından
istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və
qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və
hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən
ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
13.5.
Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma,
hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında
hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.
Maddə 14.
Qanunvericilikdə boşluqların aşkar edilməsi
14.0.
Qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
14.0.1.
faktiki hal hüquqi tənzimləmə dairəsinə aid olmalıdır;
14.0.2.
konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır;
14.0.3.
faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir).
Maddə 15. Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında qərar
15.1.
Qanunvericilikdə boşluqları aşkar edən və bu Konstitusiya Qanununun 14-cü maddəsini
tətbiq edən subyekt konkret ictimai münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə
aid edildiyi normayaratma orqanına bu barədə məlumat verməlidir.
15.2.
Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması
haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
Maddə 16. Hüququn analogiyasından
və ya qanunun analogiyasından istifadə olunmasını istisna edən hallar
16.0.
Aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə oluna bilməz:
16.0.1.
qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;
16.0.2.
normativ tənzimləmə zərurəti olmadıqda;
16.0.3.
normativ tənzimləmə qanunla qadağan olunduqda;
16.0.4.
normativ tənzimləmə mövcud olduqda.
IV fəsil. Normativ hüquqi aktların növləri
Maddə 17. Azərbaycan
Respublikası Milli Məclisinin normativ hüquqi aktları
17.1.
Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul
edilir.
17.2.
Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi və 95-ci
maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə
aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir.
17.3.
Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul olunduqda
bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli
və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 18. Azərbaycan
Respublikası Prezidentinin normativ hüquqi aktları
18.1.
Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul
edilir.
18.2.
Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının
Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid
edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.
18.3.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən əsasnamələr,
nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan
Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilir.
18.4.
Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktı qəbul olunduqda bu
aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli
və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 19. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları
19.1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası
Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları
əsasında, Azərbaycan Respublikası Konstitusiyasının, referendum aktının, Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası
və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar
formasında normativ hüquqi aktlar qəbul edir.
19.2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən əsasnamələr,
nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir.
19.3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar
qəbul edir.
19.4.
Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul
olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası
Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli
və bu Konstitusiya Qanununun 19.1-ci maddəsində göstərilən aktların icrasını
təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 20. Mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktları
20.1.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan
Respublikası Prezidentinin aktına, habelə Azərbaycan Respublikası
Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından
və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan
Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər
üzrə qəbul edilə bilər.
20.2.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar
formasında qəbul edilir.
20.3.
Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr,
nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.
20.4.
Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul
olunduqda bu normativ hüquqi aktın qəbulu üçün bu Konstitusiya Qanununun
20.1-ci maddəsinə uyğun olaraq əsas olmuş akt göstərilməli və həmin aktın
icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 21. Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının növləri
Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının növləri
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilir.
V fəsil. Azərbaycan Respublikasının normativ hüquqi
aktlarında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
normalarının həyata keçirilməsi
Maddə 22. Beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü
Azərbaycan
Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının
üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu
təmin edir.
Maddə 23. Beynəlxalq
müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı nisbəti
23.1.
Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir.
23.2.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin Azərbaycan
Respublikasının normativ hüquqi aktlarına münasibətdə hüquqi qüvvəsi Azərbaycan
Respublikası Konstitusiyasının 151-ci maddəsi ilə müəyyən edilir.
23.3.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin
müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə
olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir.
23.4.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin
müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ
hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq
edilməlidir.
Maddə 24. Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərinin həyata keçirilməsinə yönəlmiş
normativ hüquqi aktların qəbul edilməsinin əsasları
24.0.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərin həyata keçirilməsinə yönəlmiş normativ hüquqi aktlar aşağıdakı
hallarda qəbul edilir:
24.0.1.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin predmetini
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənməyən məsələlər
təşkil etdikdə;
24.0.2.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi müvafiq normativ hüquqi akt qəbul edilmədən
mümkün olmadıqda;
24.0.3.
beynəlxalq müqavilənin tərəfləri müvafiq normativ hüquqi aktların qəbul edilməsi
barədə razılığa gəldikdə.
VI fəsil. Normativ hüquqi akta dair ümumi tələblər
Maddə 25. Normativ
hüquqi aktın tərtib edilməsi üslubu
25.1.
Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma
texnikasına uyğun olmalıdır.
25.2.
Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş,
həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı
normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir.
25.3.
Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə
edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir.
25.4.
Normativ hüquqi aktın normaları yığcam şəkildə, əsasən təsdiq formasında və
indiki zamanda ifadə edilməlidir.
25.5.
Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və
birmənalı olmalıdır.
Maddə 26. Normativ
hüquqi aktda normaların yerləşdirilməsinin ardıcıllığı
Normativ
hüquqi aktın mətnində əvvəl ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.
Maddə 27. Normativ
hüquqi aktların layihələrinin dövlət orqanları tərəfindən hazırlanmasının tənzimlənməsi
27.1.
Normativ hüquqi aktların müxtəlif növlərinin layihələrinin hazırlanması qaydasının
xüsusiyyətləri, onlar üçün texniki-hüquqi tələblər, habelə bu Konstitusiya
Qanunu ilə tənzimlənməmiş digər məsələlər müvafiq olaraq Azərbaycan
Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilən qaydalarla müəyyən edilir.
27.2.
Normativ hüquqi aktların layihələrinin hazırlanması qaydası normayaratma fəaliyyətinin
subyektlərinin və normayaratma orqanlarının hüquqlarını məhdudlaşdıra bilməz.
VII fəsil. Normativ hüquqi aktın strukturu
Maddə 28. Normativ hüquqi
aktların rekvizitləri
28.0.
Normativ hüquqi aktların məcburi rekvizitləri aşağıdakılardır:
28.0.1.
aktın növü (Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası
Prezidentinin fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və
s.);
28.0.2.
hüquqi tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (sərlövhəsi);
28.0.3.
aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;
28.0.4.
müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin
adı, soyadı, vəzifəsi və imzası.
Maddə 29. Normativ hüquqi
aktın adı
29.1.
Hər bir normativ hüquqi akt onun hüquqi tənzimləmə predmetini və əsas mahiyyətini
əks etdirən ada malik olmalıdır.
29.2.
Ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin
edilməsi və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin
yarandığı hallar istisna olmaqla, bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər
edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə, həmin
dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən
və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.
Maddə 30. Normativ
hüquqi aktın struktur elementləri
30.1.
Normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən,
maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir.
30.2.
Normativ hüquqi aktın mətni onun növündən asılı olaraq, bölmədə birləşən fəsillərə,
fəsildə birləşən maddələrə, maddədə birləşən hissələrə, hissədə birləşən bəndlərə,
bənddə birləşən yarımbəndlərə və yarımbənddə birləşən abzaslara bölünə bilər.
Qanun, o cümlədən dəyişiklikləri nəzərdə tutan qanun, qanunla təsdiq edilən əsasnamə,
nizamnamə, qayda və norma nəzərdə tutan digər akt maddələrə, digər normativ
hüquqi aktlar, o cümlədən referendum aktı hissələrə bölünür. Məcəllədə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər struktur
elementləri də ola bilər. Məcəllədə mündəricat verilməlidir. İri həcmli digər
normativ hüquqi aktlarda da mündəricat verilə bilər.
30.3.
Normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini
və məqsədlərini əks etdirən giriş hissəsidir. Preambulaya normativ göstərişlərin
daxil edilməsinə yol verilmir.
30.4.
Normativ hüquqi aktın bölməsi fəsilləri özündə birləşdirən struktur
elementidir. Bölmə rum rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə
yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.
30.5.
Normativ hüquqi aktın fəsli maddələri özündə birləşdirən struktur elementidir.
Fəsil ərəb rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə
yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.
30.6.
Normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış
normativ müddəanı əks etdirən əsas struktur elementidir. Maddə ərəb rəqəmi ilə
nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Maddə, o cümlədən qanunla təsdiq
edilən əsasnamənin, nizamnamənin, qaydanın və norma nəzərdə tutan digər aktın
maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə yazılan ada malik
olmalıdır. Dəyişiklikləri nəzərdə tutan qanunun və hər hansı əsasnaməni,
nizamnaməni, qaydanı və norma nəzərdə tutan digər aktı təsdiq edən qanunun maddəsinin
adı olmur.
30.7.
Maddə olmayan normativ hüquqi aktda hissə bəndləri özündə birləşdirə bilən və
tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Hissə
(maddədə hissənin nömrəsinin birinci rəqəmi maddənin nömrəsini təkrarlamaqla) ərəb
rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Hissənin mətni sətri hərflərlə
yazılır və nöqtə ilə tamamlanır. Normativ hüquqi aktla (qanun istisna olmaqla)
təsdiq edilən əsasnamədə, nizamnamədə, qaydada və norma nəzərdə tutan digər
aktda, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktında hissənin
mahiyyətini əks etdirən, sətri hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən
adı olmalıdır.
30.8.
Normativ hüquqi aktın bəndi yarımbəndləri özündə birləşdirə bilən, hissənin
nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə
qoyulan struktur elementidir. Bəndin mətni sətri hərflərlə yazılır və nöqtəli
vergül və ya nöqtə ilə tamamlanır.
30.9.
Normativ hüquqi aktın yarımbəndi abzasları özündə birləşdirə bilən, bəndin nömrəsini
təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan
struktur elementidir. Yarımbəndin mətni sətri hərflərlə yazılır və nöqtəli
vergül və ya nöqtə ilə tamamlanır.
30.10.
Normativ hüquqi aktın abzası yarımbəndin tərkib hissəsi olan, ərəb rəqəmi ilə
nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Abzasın mətni
sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.11.
Struktur elementləri ardıcıl və bütün normativ hüquqi akt üçün eyni qaydada
nömrələnməlidir. Sətrin ortasında yerləşdirilməli olan struktur elementləri
istisna olmaqla, struktur elementləri mətnin birinci sətrinin əvvəlində (abzas
yarımbəndin mətninin birinci sətrinə münasibətdə) boş yer buraxılmaqla yerləşdirilir.
Normativ hüquqi aktda maddənin hissəsinə, bəndinə və ya yarımbəndinə istinad
edilərkən, onlar maddə adlandırılır.
30.12.
Normativ hüquqi aktlarda bu maddədə göstərilən struktur elementlərindən onlara
xas olmayan rəqəm və ya digər işarələrlə istifadə edilməsinə müstəsna hallarda
və normativ hüquqi aktlarda xüsusi qeyd-şərtlər olduqda yol verilir.
Maddə 31. Məcəllələşdirilmiş
normativ hüquqi aktların strukturunun xüsusiyyətləri
31.1.
Məcəllələşdirilmiş normativ hüquqi aktın bölmələri ümumi və xüsusi hissələrdə
birləşdirilə bilər.
31.2.
Məcəllələşdirilmiş normativ hüquqi aktın ümumi hissəsi aşağıdakıları əks etdirməlidir:
31.2.1.
əsas müddəalar (prinsiplər, anlayışların tərifi, əsas təsisatlar);
31.2.2.
ixtisaslaşdırılmış normativ müddəalar (prezumpsiyalar, preyudisiyalar);
31.2.3.
yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnən və xüsusi hissənin
normalarının istifadəsi üçün hüquqi əsas yaradan digər ilkin normativ müddəalar.
31.3.
Məcəllələşdirilmiş normativ hüquqi aktın xüsusi hissəsi aşağıdakıları ifadə edən
normaları əhatə edə bilər:
31.3.1.
mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsü (qaydaları);
31.3.2.
hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin)
növü və ölçüsü.
Maddə 32. Normativ
hüquqi aktlarda dəyişikliklərin edilməsinin texniki parametrləri
32.1.
Normativ hüquqi aktın struktur elementi (bölməsi, fəsli, maddəsi, hissəsi və
s.) qüvvədən düşmüş hesab edildikdə və ya ləğv edildikdə, o qüvvədə olan aktdan
çıxarılır, lakin onun nömrəsi saxlanılır və normativ hüquqi aktın struktur
elementlərinin (bölmələrin, fəsillərin, maddələrin, hissələrin və s.) nömrələri
dəyişmir.
32.2.
Normativ hüquqi akta yeni struktur element (bölmə, fəsil, maddə, hissə və s.) əlavə
edildikdə, o, aktın struktur elementlərinin nömrələrini təkrarlamaqla əlavə
nömrə ilə daxil edilir.
32.3.
Bir neçə struktur elementlərindən ibarət struktur elementə edilən dəyişikliyin
onu təşkil edən digər struktur elementlərə (hissənin bəndlərinə, bəndin yarımbəndlərinə
və yarımbəndin abzaslarına) şamil edilmədiyi mötərizədə göstərilməklə müəyyənləşdirilir
və bu cür mötərizənin olmaması müvafiq dəyişikliyin bütövlükdə struktur
elementi əhatə etdiyini bildirir.
Maddə 33. Normativ
hüquqi aktlarda başqa aktlara istinad edilməsi və başqa aktların müddəalarının
təkrarlanması
Zəruri
hallarda normativ hüquqi aktda digər bərabər və ya daha yüksək hüquqi qüvvəyə
malik olan normativ hüquqi aktların struktur elementlərinə istinadlara, habelə
daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara istinad etməklə,
belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına yol
verilir. Bu cür təkrarlanmada müvafiq normaya istinad olmalı, həmin norma
dürüst ifadə edilməli və daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi
aktın normasının mənası dəyişdirilməməlidir.
Maddə 34. Normativ
hüquqi aktların maddələrində başqa maddələrə istinad edilməsi
Hüquq
normaları arasında qarşılıqlı əlaqəni pozmamaq və ya təkrarlara yol verməmək zərurəti
olduğu hallarda normativ hüquqi aktın maddələrində həmin aktın başqa maddələrinə
istinad edilə bilər.
Maddə 35. Sətiraltı
qeydlər və əlavələr
35.1.
Normativ hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur
elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən,
izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun
struktur elementlərinin) mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.
35.2.
Normativ hüquqi aktda cədvəllər, qrafiklər, xəritələr, sxemlər, siyahılar, illüstrasiyalar
və s. göstərildikdə onlar əlavə formasında rəsmiləşdirilməli, normativ hüquqi
aktın müvafiq struktur elementlərində isə həmin əlavələrə dair istinadlar
olmalıdır.
Maddə 36. Normativ
hüquqi aktda məsuliyyət tədbirlərinin nəzərdə tutulması
Dövlət
və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, digər
hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin, habelə fiziki şəxslərin vəzifələrini
nəzərdə tutan aktlarda həmin vəzifələrin pozulmasına görə qüvvədə olan
qanunvericiliklə məsuliyyət nəzərdə tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri
göstərilməlidir.
VIII fəsil. Normayaratma prosesi
Maddə 37. Hüquq
sisteminin sabitliyi
Qanunlarla
və ya fərmanlarla digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun qəbul
edilməsindən sonra 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə daha yüksək
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi
aktın hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə
ekspertizasının rəyi əsasında yol verilir.
Maddə 38. Qanunvericilik
təşəbbüsü hüququnun subyektləri
Qanunvericilik
təşəbbüsü hüququ Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi ilə müəyyən
edilmiş subyektlərə mənsubdur.
Maddə 39. Normayaratma təşəbbüsünün
subyektləri
39.1.
Normayaratma təşəbbüsünün subyektləri onlara verilmiş səlahiyyətlərə uyğun
olaraq normativ hüquqi aktın layihəsinin və ya onun hər hansı struktur
elementinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi,
qüvvəsinin dayandırılması və ya ləğv edilməsi zərurəti haqqında təklifi bu
Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq normayaratma orqanına təqdim
etmək hüququ olan subyektlərdir.
39.2.
Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları və vəzifəli şəxslər,
habelə fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı
təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan
dövlət orqanlarına təqdim edə bilərlər. Bu halda bu Konstitusiya Qanununun
48-ci maddəsinə riayət olunmaya bilər.
Maddə 40. Normayaratma
prosesinin mərhələləri
40.0.
Normayaratma prosesi aşağıdakı mərhələlərdə, müəyyən olunmuş prosedura əməl etməklə
həyata keçirilir:
40.0.1.
normayaratma fəaliyyətinin planlaşdırılması;
40.0.2.
normayaratma təşəbbüsü (normativ hüquqi aktın layihəsinin hazırlanması);
40.0.3.
normativ hüquqi aktın qəbul edilməsi;
40.0.4.
normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi;
40.0.5.
normativ hüquqi aktın dərc edilməsi.
Maddə 41. Normativ
hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması
41.1.
Normativ hüquqi aktların layihələrinin hazırlanması planlı əsasda həyata
keçirilir.
41.2.
Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına
normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir:
41.2.1.
normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks
etdirən dövlət proqramları;
41.2.2.
qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların
layihələrinin hazırlanmasının digər planları.
Maddə 42. Normativ hüquqi
aktların layihələrinin hazırlanması planlarının tərtib edilməsi qaydası
42.1.
Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan
Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı
razılaşdırılmış illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının
illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının
hazırlanması nəzərdə tutula bilər.
42.2.
Normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin
hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin
hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər.
42.3.
Normativ hüquqi aktların layihələrinin hazırlanması planları tərtib edilərkən
normayaratma fəaliyyətinin subyektlərinin, digər maraqlı orqanların, elmi təşkilatların,
habelə digər fiziki və hüquqi şəxslərin təklifləri nəzərə alına bilər.
Maddə 43. Dövlət
proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması
planlarının həyata keçirilməsinə nəzarət
Dövlət
proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması
planlarının həyata keçirilməsinə onları təsdiq etmiş normayaratma orqanları nəzarət
edirlər.
Maddə 44. Normativ
hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması üzrə fəaliyyətdə
aşkarlığın təmin edilməsi
44.1.
Dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması
planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə
tutulmuş qaydada təsdiq və dərc edilir.
44.2.
Təsdiq edilmiş dövlət proqramları və normativ hüquqi aktların layihələrinin
hazırlanması planları məlumat üçün əlaqədar dövlət orqanlarına göndərilir.
Maddə 45. Normativ
hüquqi aktın layihəsinin hazırlanması qaydası
45.1.
Normativ hüquqi aktın layihəsinin hazırlanmasına aşağıdakılar daxil edilə bilər:
45.1.1.
normayaratma təşəbbüsünə baxılması və layihənin hazırlanması üzrə qərarın qəbul
edilməsi;
45.1.2.
layihənin hazırlanmasının təşkilati-texniki və maliyyə təminatı;
45.1.3.
zəruri materialların və məlumatların toplanması;
45.1.4.
layihənin konsepsiyasının hazırlanması;
45.1.5.
layihənin mətninin tərtib edilməsi;
45.1.6.
layihənin razılaşdırılması;
45.1.7.
hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizaların keçirilməsi.
45.2.
Normayaratma orqanı normativ hüquqi aktın layihəsinin hazırlanmasını müstəqil
surətdə həyata keçirə və ya normayaratma təşəbbüsünün digər subyektinin səlahiyyətlərinə
aid edilən məsələlər üzrə həmin subyektə tapşıra bilər, habelə layihənin
hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış
müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilər.
45.3.
Normativ hüquqi aktın layihəsi müvafiq dövlət orqanının hüquq xidmətinin mütləq
iştirakı ilə hazırlanır.
Maddə 46. Normativ
hüquqi aktın layihəsinin razılaşdırılması
46.1.
Normativ hüquqi aktın layihəsinin razılaşdırılması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə məcburi olduqda, habelə normativ hüquqi aktda Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər dövlət
orqanları ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda həmin
layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl maraqlı dövlət orqanları
ilə razılaşdırılmalıdır.
46.2.
Normativ hüquqi aktın layihəsinin razılaşdırılması aşağıdakı vasitələrlə həyata
keçirilir:
46.2.1.
dövlət orqanı tərəfindən mövcud irad və təkliflər əsaslandırılmaqla və ya təklif
edilən normativ göstərişlərlə razılaşmadıqda, normativ hüquqi aktın layihəsi və
ya onun ayrıca struktur elementi normayaratma texnikasının müəyyən edilmiş
qaydalarına uyğun əlavə olunmaqla müvafiq layihəyə dair yazılı formada
razılığın verilməsi və verilməməsi;
46.2.2.
dövlət orqanının rəhbəri tərəfindən normativ hüquqi aktın layihəsinin
vizalanması (ona dair irad və təkliflər olduqda onları əsaslandırmaqla və
normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementinin təklif
edilən redaksiyası normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə
edilməklə).
46.3.
Normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı hüquqi cəhətdən əsaslandırılmamış
irad və təkliflərə baxılmır.
46.4.
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın
layihəsinin razılaşdırılması zamanı dövlət orqanı tərəfindən müvafiq layihəyə
dair razılıq verilməsi və ya verilməməsi layihənin müəyyən olunmuş qaydada
alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün
keçənədək həyata keçirilir.
46.5.
Razılaşdırılma haqqında məlumat bu Konstitusiya Qanununun 46.4-cü maddəsi ilə
müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin
uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla
razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi
aktın layihəsi razılaşdırılmış hesab olunur.
46.6.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə
razılaşdırılmış hesab olunur.
46.7.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi mərkəzi icra
hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır, mərkəzi icra hakimiyyəti
orqanının normativ hüquqi aktının layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti
orqanları ilə razılaşdırılmalıdır.
Maddə 47. Normativ
hüquqi aktın layihəsinin ekspertizası
Bu
Konstitusiya Qanunu ilə ekspertizanın məcburi qaydada keçirilməsi nəzərdə
tutulan hallar istisna olmaqla, normayaratma orqanının və ya Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə səlahiyyətlər verilmiş digər dövlət
orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi başqa ekspertizadan (maliyyə,
iqtisadi, ekoloji, kriminoloji və s.) keçirilə bilər.
Maddə 48. Normativ
hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi
48.1.
Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası
bu Konstitusiya Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları
və müvafiq normayaratma orqanının aktları ilə müəyyən edilir.
48.2.
Normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun
növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:
48.2.1.
müşayiət məktubu, normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini
haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda)) və
normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən
maliyyə-iqtisadi əsaslandırılması;
48.2.2.
normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı
əks etdirən sənədlər;
48.2.3.
normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;
48.2.4.
normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;
48.2.5.
normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən
subyektin qərarına əsasən).
48.3.
Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına
aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.3.1.
normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud
hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə
predmeti;
48.3.2.
Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici
dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş
materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə
dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;
48.3.3.
normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin
proqnozlaşdırılması;
48.3.4.
normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli, habelə hazırlanmalı olan Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarının və mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı.
48.4.
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihəsinə layihənin
redaksiyasına dair ekspert rəyləri əlavə olunur. Bu zaman layihədə texniki
xarakter daşıyan dəyişikliklər edildikdə layihə təkrar ekspert rəylərinin
alınması üçün göndərilmir.
48.5.
Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya
qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən
dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur
elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl əlavə olunur.
48.6.
Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə
olunur və bu Konstitusiya Qanununun 48.3-cü və 48.4-cü maddələrində göstərilən
sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır.
48.7.
Normativ hüquqi aktın layihəsi normayaratma orqanına kağız daşıyıcısında və
eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir.
IX fəsil. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi
hüquqi ekspertizası
Maddə 49. Normativ
hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizasının keçirilməsi
qaydası
49.1.
Normativ hüquqi aktın layihəsi və Azərbaycan Respublikasının Prezidentinə
imzalanmaq üçün təqdim edilən qanun məcburi hüquqi ekspertizadan keçirilməlidir.
49.2.
Məcburi hüquqi ekspertiza, normativ hüquqi aktın növündən asılı olaraq,
aşağıdakı qaydada keçirilir:
49.2.1.
qanun layihələri — Azərbaycan Respublikası Milli Məslisinin işinin təşkilati təminatını
həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.2.
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktların
layihələri və imzalanmaq üçün təqdim edilən qanunlar — Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri — Azərbaycan
Respublikası Nazirlər Kabinetinin işinin təşkilati təminatını həyata keçirən
qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.4.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri — həmin
orqanların hüquq xidmətləri tərəfindən.
Maddə 50. Normativ
hüquqi aktların layihələrinə dair ümumi tələblər
50.0.
Normativ hüquqi aktın layihəsinə dair ümumi tələblər aşağıdakılardır:
50.0.1.
bu Konstitusiya Qanununun 8-ci maddəsində müəyyən edilən prinsiplərə uyğunluğu;
50.0.2.
normativ hüquqi aktın normalarının normativ hüquqi aktın məqsəd və vəzifələrinə
uyğunluğu;
50.0.3.
normativ tənzimləmə predmetinə uyğunluğu;
50.0.4.
normativ hüquqi aktın formasının və mahiyyətinin uyğunluğu;
50.0.5.
daxili strukturun məntiqliliyi;
50.0.6.
daxil edilməsi nəzərdə tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi;
50.0.7.
bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi;
50.0.8.
normativ hüquqi aktın müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən
öz səlahiyyəti daxilində qəbul edilməsi;
50.0.9.
normativ hüquqi aktın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və formada qəbul edilməsi;
50.0.10.
normayaratma texnikasına uyğunluğu;
50.0.11.
bu Konstitusiya Qanununun 37-ci maddəsinin tələblərinə riayət olunması.
Maddə 51. Məcburi hüquqi
ekspertizanın rəyi
51.1.
Məcburi hüquqi ekspertizanın rəyi bu Konstitusiya Qanununa əlavə olunmuş 1 nömrəli
Əlavəyə uyğun tərtib edilir.
51.2.
Normativ hüquqi aktın layihəsinə dair məcburi hüquqi ekspertizanın rəyində
aşağıdakı nəticələrdən biri göstərilməlidir:
51.2.1.
normativ hüquqi aktın layihəsi rədd edilir;
51.2.2.
normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün
subyektinə qaytarılır;
51.2.3.
normativ hüquqi aktın layihəsi dəstəklənir.
51.3.
Qanuna dair məcburi hüquqi ekspertizanın rəyində, onun Azərbaycan
Respublikasının Prezidenti tərəfindən imzalanması və ya imzalanmadan öz
etirazları ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə qaytarılması
təklif edilir.
Maddə 52. Məcburi hüquqi
ekspertizanın keçirilməsinin ardıcıllığı
Normativ
hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi
linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir.
X fəsil. Normativ hüquqi aktın layihəsinin məcburi
linqvistik ekspertizası
Maddə 53. Normativ
hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər
Normativ
hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən
sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar
üslubuna əməl etməklə tərtib edilir.
Maddə 54. Normativ
hüquqi aktın terminologiyası
54.1.
Normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən
istifadə etməklə formalaşdırılmalıdır.
54.2.
Normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya
malik olmalıdır.
54.3.
Normativ hüquqi aktda istifadə edilən terminlərin və onların tərifinin dəqiqləşdirilməsi
zərurəti olduqda həmin aktda onların mənasını izah edən maddə (hissə, bənd)
yerləşdirilir.
Maddə 55. Xüsusi
nişanlanmalardan istifadə olunması
55.1.
Normativ hüquqi aktda xüsusi nişanlanmalardan yalnız müvafiq xüsusi sahədə işlədilən
mənada istifadə olunur.
55.2.
Zərurət olduqda, xüsusi nişanlanmalar normativ hüquqi aktda izah edilir.
Maddə 56. Normativ
hüquqi aktın mətninə dair üslub tələbləri
56.0.
Normativ hüquqi aktın mətnində aşağıdakıların ifadə edilməsinə yol verilmir:
56.0.1.
loru dili, Azərbaycan dilinin dialektləri və danışıq nitqinin ekspressiv
formaları;
56.0.2.
eyni mənada müxtəlif anlayışlar (terminlər);
56.0.3.
Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən
alınma sözlər;
56.0.4.
anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii
müqayisələr, epitetlər, metaforalar;
56.0.5.
abreviaturalar (məlum olanlar istisna olmaqla).
Maddə 57. Normativ
hüquqi aktlarda ifadə edilən ixtisarlar və ümumiləşdirilmiş anlayışlar
57.1.
Dövlət orqanlarının normativ hüquqi aktlarda ifadə edilən adları onların əsasnamələrinə
(nizamnamələrinə), yaradılması, adlandırılması və adlarının dəyişdirilməsi
haqqında aktlara tam uyğun olaraq göstərilir.
57.2.
Dövlət orqanlarının ixtisar edilmiş adlarının ifadə olunmasına onların ixtisar
edilmiş adları rəsmi olduqda və yalnız texniki normativ hüquqi aktlarda,
qeyri-normativ hüquqi aktlarda, habelə stenoqramlarda, protokollarda, xidməti məktublarda,
arayış xarakterli sənədlərdə, hüquqi aktlara dair mətndən kənar əlavələrdə yol
verilir.
57.3.
Dövlət orqanlarını ifadə edən ümumiləşdirilmiş anlayışlardan (sözlərdən, söz
birləşmələrindən) normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız müvafiq
ümumiləşdirilmiş anlayışın istənilən dövlət orqanına şamil olunduğu nəzərdə
tutulan hallarda yol verilir. Normativ hüquqi aktın mətnində dövlət orqanının
adının dəfələrlə göstərilməsi tələb olunduqda və ya sözlər qrupu ilə ifadə
olunan bu və ya digər anlayış dəfələrlə işlədildikdə bu dövlət orqanının və ya
anlayışın adı ilk dəfə istifadə edilən müddəada tam verilir və bu zaman mötərizədə
növbəti müddəalarda göstəriləcək ixtisar (şərti nişanlanma) qeyd olunur.
57.4.
Tam adın göstərilməsi məqsədəuyğun olmadıqda dəfələrlə istinadlar edilən
normativ hüquqi aktın adına da bu qayda tətbiq edilir.
Maddə 58. Normativ
hüquqi aktlarda istinadların tətbiq edilməsi
Normativ
hüquqi aktda həmin normativ hüquqi akta və ya onun struktur elementinə istinad
yalnız «bu» sözündən istifadə etməklə edilir.
Maddə 59. Normativ
hüquqi aktların layihələrinin məcburi linqvistik ekspertizasının rəyi
59.0.
Normativ hüquqi aktın layihəsinə dair məcburi linqvistik ekspertizanın rəyində
aşağıdakı nəticələrdən biri göstərilməlidir:
59.0.1.
normativ hüquqi aktın layihəsi rədd edilir;
59.0.2.
normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün
subyektinə qaytarılır;
59.0.3.
normativ hüquqi aktın layihəsi dəstəklənir.
Maddə 60. Normativ
hüquqi aktların layihələrinin məcburi linqvistik ekspertizasının forması
Məcburi
linqvistik ekspertizanın rəyi normativ hüquqi aktın layihəsinin mətnində
aparılan düzəlişlər formasında tərtib edilir.
XI fəsil. Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi
Maddə 61. Normativ
hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının keçirilməsinin məqsədi
Məcburi
hüquqi ekspertizadan keçirilən normativ hüquqi aktların layihələrində və Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanunlarda (bu fəslin
məqsədləri üçün bundan sonra — normativ hüquqi aktlar (onların layihələri))
sui-istifadə təzahürləri üçün şərait yaranmasına kömək edən müddəaların əmələ gəlməsinin
qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq məqsədi ilə normativ
hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair
ekspertizası keçirilir.
Maddə 62. Normativ
hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amilləri
62.1.
Bu Konstitusiya Qanununun məqsədləri üçün sui-istifadə amilləri dedikdə,
normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin təzahürünə səbəb olan, o
cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası olan, yaxud sui-istifadə əməllərinə
legitim şərait yaradan, sui-istifadə əməllərinə yol verən və ya onlara təhrik
edən normativ hüquqi aktların müddəaları (o cümlədən, normanın və hüquqi
düsturların qüsurları) nəzərdə tutulur.
62.2.
Özündə sui-istifadə amillərini ehtiva edən normalar (normativ hüquqi aktlar,
onların layihələri) sui-istifadəyə məruz qalmış normalar (normativ hüquqi
aktlar, onların layihələri) hesab edilir.
62.3.
Tipik sui-istifadə amillərinə əsasən, tənzimləmə predmetindən asılı olmayaraq normativ
hüquqi aktlarda (onların layihələrində) daha tez-tez rast gəlinən və şübhəsiz və
ya böyük ehtimalla sui-istifadə təzahürlərinə səbəb olan sui-istifadə amilləri
aid edilir.
62.4.
Normativ hüquqi aktların layihələrinin hazırlanması və təkmilləşdirilməsi
zamanı onlara bu Konstitusiya Qanununda qeyd edilən tipik sui-istifadə amillərinin
və sui-istifadəyə məruz qalma təzahürlərinin, habelə sui-istifadəyə şərait
yaranmasına səbəb olacaq digər müddəaların daxil edilməsinə yol verilmir.
Maddə 63. Sui-istifadə
amillərinin növləri
63.0.
Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası aparılarkən aşağıdakı
tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri aşkar
edilməli və aradan qaldırılmalıdır:
63.0.1.
dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar
olan tipik sui-istifadə amilləri;
63.0.2.
hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri;
63.0.3.
sistem xarakterli tipik sui-istifadə amilləri;
63.0.4.
sui-istifadəyə məruz qalmanın tipik təzahürləri.
Maddə 64. Dövlət
orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar
olan tipik sui-istifadə amilləri
64.1.
Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata
keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aşağıdakılar
aiddir:
64.1.1.
diskresion səlahiyyətlərin geniş olması;
64.1.2.
səlahiyyətin dispozitiv imkan kimi müəyyənləşdirilməsi;
64.1.3.
şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olduğundan daha yüksək
tələblərin irəli sürülməsi;
64.1.4.
fiziki və hüquqi şəxslərin hüquqlarından dövlət orqanı (vəzifəli şəxs) tərəfindən
sui-istifadə edilməsi imkanı;
64.1.5.
hüquqların həcminin əsassız dəyişdirilməsi;
64.1.6.
qanundan irəli gələn normayaratmanın həddindən artıq sərbəst xarakter daşıması;
64.1.7.
hüquqi-linqvistik sui-istifadəyə məruz qalma;
64.1.8.
icra hakimiyyəti orqanının səlahiyyətindən kənar normativ hüquqi aktın qəbul
edilməsi;
64.1.9.
qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə
doldurulması.
64.2.
Vəzifəli şəxsə qərar qəbul edilməsi zamanı öz mülahizələrinə görə hərəkət etmək
imkanı verən normativ hüquqi aktdakı diskresion səlahiyyətlər özbaşına həyata
keçirilə bilməz.
64.3.
Normativ hüquqi aktda diskresion səlahiyyətlərin geniş olması nəticəsində qərar
qəbul etmə müddətlərinin müəyyən edilməməsinə və ya bu müddətin qeyri-müəyyənliyinə,
bu və ya digər qərarın qəbul edilməsi şərtlərinin və əsaslarının qeyri-müəyyənliyinə,
müxtəlif dövlət orqanlarının səlahiyyətlərinin bir-birini təkrarlamasına yol
verilmir.
64.4.
Dövlət orqanı üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və bu səbəbdən
normativ hüquqi aktda həmin orqanın hüququ konkret icraçının mülahizəsindən
asılı olan bu və ya digər hərəkətlərin edilməsi, dispozitiv imkan kimi müəyyənləşdirilə
bilməz. Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən
artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, «orqan edə bilər», «bir
qayda olaraq», «müstəsna hallarda yol verilir», «orqan öz səlahiyyətləri
daxilində», «zərurət olduqda» və bunlara bənzər qeyri-müəyyən ifadələrdən
istifadə olunmasına yol verilmir.
64.5.
Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi
və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan tələblər (şərtlər) ağır və
(və ya) çətin yerinə yetirilən tələblər (şərtlər) ola bilməz.
64.6.
Normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə,
fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış
inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam)
siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv
qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir.
64.7.
Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin hüquqlarının dəqiq (dürüst)
nizamlanmaması yolu ilə vəzifəli şəxslər üçün diskresion səlahiyyətlərin və
dispozitiv imkanların yaradılmasına yol verilmir. Normativ hüquqi aktda fiziki
və hüquqi şəxslərə başlanmış inzibati prosedur çərçivəsində hərəkətlərin edilməsi
üçün üsul və müddətlərin sərbəst seçimi əvəzinə yalnız hüquqların alternativ
seçilməsi imkanının nəzərdə tutulmasına yol verilmir.
64.8.
Normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və
hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə
tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla
nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə
tutula bilməz.
64.9.
Qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının
Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə
müdaxiləyə gətirib çıxarmamalıdır.
64.10.
Vəzifəli şəxsin diskresion səlahiyyətlərinin genişləndirilməsi üçün ikimənalı və
təcrübədə az yerini tapan terminlərdən, məfhumlardan (anlayışlardan) və xülasələrdən,
qiymətləndirmə xassəli kateqoriyalardan istifadə edilə bilməz.
64.11.
İcra hakimiyyəti orqanı normativ hüquqi aktları yalnız öz səlahiyyətləri
daxilində qəbul etməlidir və digər icra hakimiyyəti orqanının fəaliyyət dairəsinə
müdaxilə edə bilməz.
64.12.
Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən
məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış
qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.
Maddə 65. Hüquqi
boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri
65.1.
Hüquqi boşluqlar bu və ya digər məsələnin hüquqi tənzimlənməməsi nəticəsində,
normativ hüquqi aktın tənzimləmə üçün istifadə edilmədiyi halda, habelə
normativ hüquqi aktın mətninə hüquq pozuntularına görə vəzifəli şəxslərin məsuliyyətini
nəzərdə tutan və onların fəaliyyətinə nəzarəti tənzimləyən sui-istifadə əleyhinə
preventiv normalar daxil edilmədikdə yaranır.
65.2.
Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amillərinə
aşağıdakılar aiddir:
65.2.1.
hüquqi tənzimləmədə boşluqların mövcudluğu;
65.2.2.
inzibati prosedurların olmaması;
65.2.3.
müsabiqə (hərrac) prosedurlarının olmaması;
65.2.4.
konkret fəaliyyət sahəsində vəzifəli şəxslər üçün qadağa və məhdudiyyətlərin
olmaması;
65.2.5.
hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi;
65.2.6.
dövlət orqanlarına, vəzifəli şəxslərə nəzarətin, o cümlədən ictimai nəzarətin
müəyyənləşdirilməməsi;
65.2.7.
informasiyanın şəffaflığı rejiminin pozulması.
65.3.
Hüquqi tənzimləmədə boşluqların mövcudluğu hüququn tətbiqi zamanı boşluğun dövlət
orqanının (vəzifəli şəxsin) mülahizəsinə görə doldurulmasına imkan verməməlidir.
Bu və ya digər fəaliyyət növü üzrə dövlət orqanına həvalə edilmiş funksiyaların
həyata keçirilməsi tənzimlənməlidir.
65.4.
İnzibati akt həm vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün
normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur
üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir.
65.5.
İmtiyaz verən konkret hüququn verilməsi (hüquqi vəziyyətin yaradılması) üçün
namizədin seçilməsi ilə bağlı hərəkətlər müsabiqə (hərrac) prosedurlarına uyğun
həyata keçirilməlidir. Konkret hüququn inzibati qaydada verilməsinə (hüquqi vəziyyətin
inzibati qaydada yaradılmasına), habelə müsabiqələrin (hərracların) keçirilməsi
zamanı diskresion səlahiyyətlərin geniş olmasına yol verilmir.
65.6.
Normativ hüquqi aktda vəzifəli şəxslərin hüquq pozuntularına görə hüquqi məsuliyyətə
dair aktlara uyğun gələn məsuliyyəti haqqında, habelə vəzifəli şəxslərin hərəkətindən
(hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyü ilə bağlı normalar əks
olunmalıdır.
65.7.
Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxslərin) daha çox əhəmiyyətli
fəaliyyət istiqamətlərinə nəzarətin, o cümlədən ictimai nəzarətin mümkünlüyünü
təmin edən normalar əks olunmalıdır.
65.8.
Normativ hüquqi aktda dövlət orqanlarının informasiya açıqlığını təmin edən
normalar əks olunmalıdır. Konkret məsələ üzrə qərar qəbul edilməsində əhəmiyyət
kəsb edən informasiyanın fiziki və hüquqi şəxslər üçün qapalı informasiya kimi
müəyyən edilməsinə, habelə normativ hüquqi aktda belə informasiyanın əldə
olunmasının mümkünlüyünün və qaydasının müəyyən edilməməsinə yol verilmir.
Maddə 66. Sistem
xarakterli tipik sui-istifadə amilləri
66.1.
Sistem xarakterli tipik sui-istifadə amilləri normativ hüquqi aktın ayrı-ayrı
normalarını deyil, onun bütün mətninin sistemli təhlili nəticəsində aşkar edilə
bilən tipik sui-istifadə amillərini özündə ehtiva edir.
66.2.
Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:
66.2.1.
yanlış məqsəd və prioritetlər;
66.2.2.
kolliziyalar;
66.2.3.
məcbur edilmiş sui-istifadəyə məruz qalma.
66.3.
Normativ hüquqi aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə uyğun gələn aydın
məqsədləri və prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi
üçün obyektiv məqsədəuyğunluğun olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə,
normativ hüquqi aktın normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə
ziddiyyət təşkil etməsinə yol verilmir.
66.4.
Digər normativ hüquqi aktla tam və ya qismən ziddiyyət təşkil edən normativ
hüquqi aktda vəzifəli şəxslər üçün konkret halda tətbiq edilməli olan aktı sərbəst
seçmək imkanının yaradılmasına, həmin kolliziyanın həlli mümkünlüyünün vəzifəli
şəxsin iradəsindən asılı olmasına yol verilmir.
66.5.
Daha üstün hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın sui-istifadəyə məruz
qalmış normaları digər normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış
normaların əks etdirilməsinə səbəb ola bilməz.
Maddə 67. Sui-istifadəyə
məruz qalmanın tipik təzahürləri
67.1.
Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri müəyyən şəraitdə artıq baş
vermiş sui-istifadə faktları (sui-istifadə indikatorları) barədə xəbər verən və
(və ya) sui-istifadə amillərinin yaranmasına (sui-istifadə qabağı amillər) şərait
yaradan müddəaların birləşməsidir.
67.2.
Sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə aşağıdakılar aiddir:
67.2.1.
normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət
olunmaması;
67.2.2.
normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi;
67.2.3.
mənafelər balansının pozulması (yalnız bir qrup subyektlər üçün imtiyazların nəzərdə
tutulması).
67.3.
Formal-texniki xassəli tələblərin yerinə yetirilməməsinə, normativ hüquqi
aktların hüquqi ekspertizası zamanı aşkar edilən pozuntuların aradan
qaldırılmamasına, o cümlədən normativ hüquqi aktın qəbul edilməsi qaydasının və
(və ya) formasının pozulmasına yol verilmir.
67.4.
Normativ hüquqi aktın qəbul edilməsi müddətlərinin müəyyənləşdirilməməsinə, qəbul
edilməsi nəzərdə tutulan normativ hüquqi aktın qəbul edilməsi əvəzinə məcburi
davranış qaydalarının sərbəst inzibati mülahizə əsasında fərdi hüquq tətbiq etmə
aktları ilə əvəzlənməsinə yol verilmir.
67.5.
Mənafelər balansının pozulması nəticəsində bir subyektlər qrupunun zərərinə
olaraq digər subyektlər qrupuna güzəştlərin və imtiyazların xüsusi norma müəyyən
edilməsi yolu ilə verilməsinə yol verilmir.
Maddə 68. Normativ
hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair
ekspertiza keçirilməsinin əsas qaydaları
68.1.
Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının səmərəliliyi onun sistemliliyi, etibarlılığı və nəticələrinin
yoxlanılmasının mümkünlüyü ilə müəyyənləşdirilir.
68.2.
Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının sistemliliyinin, etibarlılığının və nəticələrinin
yoxlanılmasının təmin edilməsi üçün aşağıdakı qaydalara riayət olunmalıdır:
68.2.1.
normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizası və onun nəticələrinin ifadə olunması eyniliklə — normativ
hüquqi aktda (onun layihəsində) tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz
qalmanın təzahürləri cədvəlində (bu Konstitusiya Qanununa 2 nömrəli Əlavə) göstərilən
tərkib və ardıcıllıq üzrə aparılmalıdır;
68.2.2.
hər bir tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri
onların normativ hüquqi aktın (onun layihəsinin) hər bir normasında mövcud
olub-olmamasına dair yoxlanılmalıdır;
68.2.3.
tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri
onların normativ hüquqi akta (onun layihəsinə) qəsdən və ya bilmədən daxil
edilib-edilməməsindən asılı olmayaraq, bu səbəblərə qiymət vermədən aşkar
edilir və göstərilir;
68.2.4.
ekspertiza nəticəsində aşkar olunmuş istənilən tipik sui-istifadə amili və
sui-istifadəyə məruz qalmanın təzahürü normativ hüquqi aktdan (onun layihəsindən)
çıxarılmalıdır;
68.2.5.
normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının nəticələri üzrə iş sui-istifadəyə məruz qalmaya dair
ekspertizanın nəticələri üzrə rəylər əsasında müvafiq normativ hüquqi aktların
hazırlanması və qəbul edilməsi üçün müəyyən edilmiş qaydada aparılır;
68.2.6.
təhlil nəticəsində aşkar edilmiş sui-istifadəyə şərait yaradan qeyri-tipik müddəalar
normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının nəticələri üzrə rəydə göstərilir və tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalma təzahürləri üçün müəyyən edilmiş qaydada
çıxarılmalıdır.
68.3.
Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin
mövcud olmamasına dair bu Konstitusiya Qanununun tələbləri normativ hüquqi aktı
(onun layihəsini) bilavasitə hazırlayan mütəxəssislər tərəfindən yerinə
yetirilir.
Maddə 69. Normativ
hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının nəticələrinin rəsmiləşdirilməsi
69.1.
Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin və
sui-istifadəyə məruz qalma təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait
yaranmasına kömək edən digər müddəaların mövcud olub-olmamasına dair nəticə
aşağıdakı qaydada rəsmiləşdirilir:
69.1.1.
normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri
üzrə rəyin tərkibində;
69.1.2.
normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri
üzrə rəyinə əlavə olunan izahedici arayışda.
69.2.
Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürləri üçün şərait
yaranmasına kömək edən müddəalar aşkar edildikdə həmin müddəalar bu
Konstitusiya Qanununun 69.1-ci maddəsində nəzərdə tutulan sənəddə bu
Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş ardıcıllıqla tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalma təzahürləri onların aşkar edildiyi
struktur elementlər (bölmə, fəsil, maddə, hissə və s.) göstərilməklə izah
edilir.
69.3.
Bu Konstitusiya Qanununun 69.1-ci maddəsində nəzərdə tutulan sənəddə habelə digər
tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalmanın digər təzahürlərinin,
sui-istifadənin təzahürlərinə kömək edən digər müddəaların aşkar edilmədiyi
göstərilir.
69.4.
Normativ hüquqi aktda (onun layihəsində) aşkar edilmiş tipik sui istifadə amilləri
və sui-istifadəyə məruz qalmanın təzahürləri ekspertizanın nəticələri üzrə
hazırlanmış sənəddə bu Konstitusiya Qanununa əlavə edilmiş 2 nömrəli cədvəl şəklində
göstərilir.
69.5.
Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürlərinə kömək edən
müddəaların aşkar edilmədiyi hallar istisna olmaqla, təhlil edilən normativ
hüquqi aktın (onun layihəsinin) sui-istifadəyə məruz qalma dərəcəsi bütövlükdə
sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələrini əks etdirən sənəddə
müəyyənləşdirilir.
69.6.
Sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələrini əks etdirən sənəddə
sui-istifadənin təzahürlərinə şərait yaranmasına kömək edən müddəaların aşkar
edildiyi normativ hüquqi aktın layihəsinin göstərilən iradlar nəzərə alınmaqla
yenidən işlənməsi (normativ hüquqi aktda dəyişikliklər edilməsi) ilə bağlı
tövsiyələr nəzərdə tutulmalıdır.
XII fəsil. Normativ hüquqi aktın layihəsinə baxılması
və onun qəbul edilməsi
Maddə 70. Normativ
hüquqi aktın layihəsinə baxılması
70.1.
Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə
normayaratma orqanı tərəfindən baxılmalıdır.
70.2.
Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra
aşağıdakılardan birini edə bilər:
70.2.1.
normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;
70.2.2.
əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;
70.2.3.
normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə
salınması;
70.2.4.
irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.
70.3. Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə
hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət,
məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən,
hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya
ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə
bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə
isə üç oxunuşda baxılır.
Maddə 71. Normativ
hüquqi aktın layihəsinin geri çağırılması
71.1.
Normayaratma təşəbbüsünün subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini,
zərurət olduqda, həmin layihə qəbul edilənədək geri çağırmaq hüququna malikdir.
71.2.
Qanunvericilik təşəbbüsü hüququnun subyekti Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda
baxılmasına qədər geri çağırmaq hüququna malikdir.
Maddə 72. Normativ
hüquqi aktın qəbul edilməsi qaydası
72.1.
Normativ hüquqi akt ona baxılmasından sonra normayaratma orqanı tərəfindən
müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş prosedura əməl edilməklə qəbul
edilir.
72.2.
Normativ hüquqi akt normayaratma orqanı tərəfindən dövlət dilində qəbul edilir.
Maddə 73. Qanunvericilik
təşəbbüsü hüququnun həyata keçirilməsinin təminatları
73.1.
Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikasının Milli Məclisində layihə üzərində aparılan işdə
iştirak etmək hüququna malikdir.
73.2.
Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində layihədə edilmiş dəyişikliklərlə
birlikdə aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır):
73.2.1.
qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;
73.2.2.
dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin
yaranmasına və ya artırılmasına səbəb ola bildikdə Azərbaycan Respublikasının
Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti ilə.
73.3.
Bu Konstitusiya Qanununun 46.2-ci maddəsi ilə nəzərdə tutulan razılaşdırılma (rəy)
nəticəsində Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş dəyişikliklər
qanun layihəsinin alındığı gündən on dörd gün keçənədək bu şərtlə həyata
keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi hüquqi ekspertizanın keçirilməsi
və qanun layihəsinə baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin.
Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri
üzrə rəyin hazırlanması və razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması)
üçün daha uzun müddət müəyyən edilə bilər.
73.4.
Rəyə göndərilmədən və razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər
(texniki xarakter daşıyan dəyişikliklər istisna olmaqla) edilməsinə yol
verilmir.
73.5.
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş qanun layihəsində dəyişikliklər
edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar
razılaşdırılmır.
73.6.
Azərbaycan Respublikasının Milli Məclisində birinci, ikinci və üçüncü
oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun layihəsi müvafiq oxunuşda
baxılmasına azı 5 gün qalmış qanunvericilik təşəbbüsü hüququnun subyektinə
təqdim edilir.
Maddə 74. Normativ
hüquqi aktın imzalanması
74.1.
Normativ hüquqi aktın rəsmi imzalanması aşağıdakılar tərəfindən həyata
keçirilir:
74.1.1.
qanunlar və fərmanlar — Azərbaycan Respublikasının Prezidenti;
74.1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları — Azərbaycan
Respublikasının Baş naziri;
74.1.3.
digər normativ hüquqi aktlar — aktı qəbul etmiş orqanın rəhbəri;
74.1.4.
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə digər hal nəzərdə
tutulmadıqda, aktı qəbul etmiş orqanın rəhbəri olmadıqda, onun vəzifələrini
icra edən şəxs.
74.2.
Qanun Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edildikdə
qanunun ikinci nüsxəsinin son səhifəsində Azərbaycan Respublikası Milli Məclisinin
sədrinin və ya onu əvəz edən şəxsin vizası qoyulur.
XIII fəsil. Normativ hüquqi aktlarda dəyişikliklər
edilməsi, onların ləğv edilməsi
Maddə 75. Normativ
hüquqi aktlarda dəyişikliklər edilməsi
75.1. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul
edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktda dəyişikliklərin edilməsi zərurətinin
yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə
alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi
aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ
hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ
hüquqi akt çərçivəsində edilməsinə yol verilir.
75.2.
Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq zəruri hallarda
qüvvədə olan normativ hüquqi aktlarda onları qəbul etmiş orqan tərəfindən müvafiq
dəyişikliklər edilir.
75.3. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası
Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında
dəyişiklik edilən zaman dəyişikliyi nəzərdə tutan normativ hüquqi aktın mətnində
mötərizədə, dəyişiklik edilən normativ hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər
edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri
(kitabları) və maddələri ardıcıllıqla göstərilir.
Maddə 76. Normativ
hüquqi aktların ləğv edilməsi qaydası
76.1.
Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş
normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini
itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların
struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə
uyğun olaraq) ləğv edilməlidir.
76.2.
Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən
və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və
119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul
edilir.
76.3. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul
edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin
yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə
alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi
aktı ləğv edə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı
çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə
yol verilir.
76.4. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası
Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
ləğv edilən zaman onların ləğv edilməsinə dair normativ hüquqi aktın mətnində
mötərizədə ləğv edilən normativ hüquqi aktın dərc edildiyi, ona əvvəllər
edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri
(kitabları) və maddələri ardıcıllıqla göstərilməklə verilir.
76.5. Bu Konstitusiya Qanununun 76.4-cü maddəsinə uyğun olaraq ləğv edilən
normativ hüquqi aktla yanaşı onun ləğv edilməsinə dair normativ hüquqi aktın mətnində
göstərilən toplulara (külliyyatlara) uyğun olaraq ona əvvəllər edilmiş dəyişiklikləri
nəzərdə tutan normativ hüquqi akt və ya onun müvafiq struktur elementi də ləğv
edilmiş hesab edilir. Bu qayda bir neçə normativ hüquqi akta dəyişikliyi nəzərdə
tutan normativ hüquqi aktlara münasibətdə də tətbiq edilir. Bu zaman onların
adında və mətnində həmin dəyişikliyə dair müddəalar ləğv edilmiş hesab edilir.
Maddə 77. Yeni
normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur
elementlərinin) siyahıları
77.1. Yeni normativ hüquqi aktın qəbul edilməsi zamanı bu Konstitusiya
Qanununun 12.2-ci maddəsinin tələblərinə riayət olunmalıdır. Normativ hüquqi
aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə
hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin)
sayı çox olduqda onların siyahıları həmin normativ hüquqi aktın əlavəsində əks
edilə bilər.
77.2. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar hazırlanmalı
olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı
olmadan layihələrinin hazırlanmasına yalnız bunun üçün bir ildən artıq müddət tələb
edildikdə yol verilir. Bu halda müvafiq siyahının hazırlanması barədə tapşırıq
hazırlanır və layihələrin normayaratma orqanına təqdim edilməsi müddəti müəyyən
edilir.
XIV fəsil. Azərbaycan Respublikasının hüquqi aktların
dövlət reyestri
Maddə 78. Hüquqi
aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi qaydası
78.1.
Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra —
Hüquqi Aktların Dövlət Reyestri) daxil edilməlidir.
78.2.
Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç
gün keçənədək göndərilir.
78.3.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız
daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron
daşıyıcılarında mətn faylları formasında təqdim edilir.
78.4.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət
Reyestrinin qeydiyyat nömrəsi verilir.
78.5.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli
aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur.
78.6.
Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanlarının hüquqi
aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməlidir. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin tərkib hissəsi hesab olunur.
Maddə 79. Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilən hüquqi aktların rekvizitləri
79.1.
Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi aktların aşağıdakı rekvizitləri daxil
edilir:
79.1.1.
aktın növü;
79.1.2.
qəbul edildiyi tarix;
79.1.3.
qeydiyyat nömrəsi;
79.1.4.
adı;
79.1.5.
rəsmi dərc edildiyi mənbə (bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən
aktlara münasibətdə);
79.1.6.
qüvvəyə minmə tarixi;
79.1.7.
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu (kodları);
79.1.8.
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi;
79.1.9.
hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix.
79.2.
Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən düşmüş hüquqi aktlar üzrə
Hüquqi Aktların Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv
etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri, habelə
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil
edilir.
79.3.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi
dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab
olunur.
79.4.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi
aktların mətnləri arasında ziddiyyət olarsa, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilmiş hüquqi aktın mətninə üstünlük verilir.
Maddə 80. Hüquqi
Aktların Dövlət Reyestrinin strukturu
80.0.
Hüquqi Aktların Dövlət Reyestri aşağıdakı bölmələrdən və fəsillərdən ibarətdir:
80.0.1.
I bölmə — «Normativ hüquqi aktlar»:
80.0.1.1.
1-ci fəsil — «Azərbaycan Respublikasının Konstitusiyası, referendum aktları və
konstitusiya qanunları;
80.0.1.2.
2-ci fəsil — «Azərbaycan Respublikasının qanunları»;
80.0.1.3.
3-cü fəsil — «Azərbaycan Respublikası Prezidentinin fərmanları»;
80.0.1.4.
4-cü fəsil — «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları»;
80.0.1.5.
5-ci fəsil — «Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları».
80.0.2.
II bölmə — «Normativ xarakterli aktlar»:
80.0.2.1.
«Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş və hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları»;
80.0.2.2.
«Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və
izahları»;
80.0.2.3. «maliyyə bazarları tənzimləyicisinin qərarları»;
80.0.2.4.
«Məhkəmə-Hüquq Şurasının qərarları»;
80.0.2.5.
«Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları»;
80.0.2.6.
«Yerli özünüidarə orqanlarının qərarları»;
80.0.2.7.
«Yerli icra hakimiyyəti orqanlarının qərarları».
80.0.3.
III bölmə — «Qeyri-normativ hüquqi aktlar»:
80.0.3.1.
«Azərbaycan Respublikası Milli Məclisinin qərarları»;
80.0.3.2.
«Azərbaycan Respublikası Prezidentinin sərəncamları»;
80.0.3.3.
«Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları».
Maddə 81. Hüquqi
Aktların Dövlət Reyestrinin nəşri
Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilən məlumatlar 3 ayda bir dəfə toplu şəklində
dərc edilməlidir.
XV fəsil. Normativ hüquqi aktların rəsmi dərc edilməsi
və qüvvəyə minməsi
Maddə 82. Normativ
hüquqi aktların rəsmi dərc edilməsi qaydası
82.1.
Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir.
82.2.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi
dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında
yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi
yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların
ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu
nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini
əvəz etmir.
82.3.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir.
82.4.
Normativ hüquqi aktın digər dillərdə rəsmi dərc olunmasına yalnız həmin aktın
müvafiq dövlət orqanı tərəfindən bu aktın qəbul edilməsi üçün müəyyən edilmiş
qaydada təsdiq edilmiş müvafiq dilə tərcüməsi mövcud olduqda yol verilir.
82.5.
Normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi
dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi)
gün hesab olunur.
82.6.
Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən normativ hüquqi
aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə
normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc
edilməsi tarixi ilə müəyyən edilir.
82.7.
Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc
edilmir.
82.8.
Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna
olmaqla, natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
82.9.
Normativ hüquqi aktlar onların məcburi rekvizitləri göstərilməklə dərc edilir.
82.10.
Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi dərc edilməsi
qaydası Naxçıvan Muxtar Respublikasının qanunu ilə müəyyən edilir.
Maddə 83. Normativ
hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri
83.1.
Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən
imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
83.1-1. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş
hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə
tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində
rəsmi dərc edilməlidir.
83.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra
72 saat müddətində rəsmi dərc edilməlidir.
83.3.
Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən
sonra hökmən rəsmi dərc edilməlidir.
83.4.
Səlahiyyətli dövlət orqanlarından rəsmi nəşr orqanlarına (Hüquqi Aktların Dövlət
Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ hüquqi aktlar, bu
Konstitusiya Qanununun 83.1-ci, 83.1-1-ci və 83.2-ci maddələrində nəzərdə
tutulmuş normativ hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu gündən 5
gün gec olmayaraq dərc edilməlidir.
Maddə 84. Normativ
hüquqi aktların qeyri-rəsmi nəşrlərdə və digər kütləvi informasiya vasitələrində
açıqlanması
84.1.
Normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə, habelə televiziya və
radio ilə ümumi diqqətə çatdırıla, məlumat yayılmasının digər üsulları ilə
ötürülə bilər.
84.2.
Natamam normativ hüquqi aktlar «Çıxarış» qeydi ilə dərc edilə bilər.
84.3.
Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab
edilir.
84.4.
Normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi yalnız onun hüquqi məlumatın
yayılması üzrə fəaliyyətə irəli sürülən tələblərə əməl olunmaqla rəsmi dərc
edilməsindən sonra həyata keçirilir. Bu zaman hər bir normativ hüquqi akt üçün
rəsmi dərc edilmə mənbəyi, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa (lisenziyaya) zərurət
olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi razılığın (lisenziyanın)
verilmə nömrəsi və tarixi hökmən göstərilir.
Maddə 85. Normativ
hüquqi aktların qüvvəyə minməsi
85.1.
Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin
aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc
edildiyi gündən qüvvəyə minir.
85.2.
Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla,
digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
85.3.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha
artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən
normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə
mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması
şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə
tutulmuş müddətdə qüvvəyə minə bilər.
XVI fəsil. Normativ hüquqi aktların zamana, məkana və
şəxslərə görə qüvvəsi və icrası
Maddə 86. Normativ
hüquqi aktın zamana görə qüvvəsi
86.1.
Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir.
86.2.
Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti
müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun
qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv
edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və
ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt
(onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət
başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın
(onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz
statusunun verilməsi haqqında qərar qəbul edə bilər.
Maddə 87. Normativ
hüquqi aktın geriyə qüvvəsi
87.1.
Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
87.2.
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini
aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin
normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən
asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil
edilir.
87.3.
Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb
olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya
ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil
edilməsinə yol verilmir.
Maddə 88. Normativ
hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi
88.1.
Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə
malikdir.
88.2.
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan
Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan
Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
şamil edilir.
Maddə 89. Normativ
hüquqi aktın qüvvəsinin itirilməsi
89.1.
Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini
itirir:
89.1.1.
normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa
çatdıqda;
89.1.2. normativ
hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası,
bu Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə nəzərdə tutulan
hallarda ləğv edildikdə;
89.1.3.
normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində
nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.
89.2.
Bu Konstitusiya Qanununun 89.1.3-cü maddəsinə uyğun olaraq normativ hüquqi akt
(onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun
struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.
Maddə 90. Normativ
hüquqi aktların rəsmi şərh edilməsi qaydası
90.1.
Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi
təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma
orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV
hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
müvafiq normaları rəsmi şərh edir.
90.2.
Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir,
onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif
aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən
edilir.
90.3.
Normativ hüquqi akt şərh edildikdən sonra aktda həmin şərh nəticəsində dəyişikliklər
edilməsinə yol verilmir.
90.4.
Genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və
mənası arasında açıq-aşkar fərq olanda yol verilir.
90.5.
Normativ hüquqi aktın məzmununun izahı onun şərhi hesab edilmir.
Maddə 91. Normativ
hüquqi aktların icrası şərtləri
Normativ
hüquqi aktların qəbul edilməsində və qüvvəyə minməsindən sonra onların
icrasının lazımi təşkili — qəbul edilmiş aktların məzmununun icraçıların diqqətinə
vaxtında çatdırılması, aktların səlahiyyətli dövlət orqanları tərəfindən rəsmi
şərhi, aktın məzmununun izahı, şərhlərin, praktiki vəsaitlərin nəşri, aktların
icrasının maliyyə, maddi-texniki, hüquqi və təşkilati-texniki təminatı,
aktların icra müddətlərinə əməl olunması təminatı həyata keçirilməlidir.
Maddə 92. Normativ
hüquqi aktların icrasına nəzarət
Normativ
hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli
şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar
(şəxslər) tərəfindən həyata keçirilir.
Maddə 93. Normativ
hüquqi aktların icrasının yoxlanılması
93.1. Normayaratma orqanları (vəzifəli şəxslər) və
digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına
nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ
hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini
müəyyən edirlər.
93.2. Normativ hüquqi aktlarda boşluqlar, daha
yüksək hüquqi qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər
və ya digər nöqsanlar aşkar edildikdə normayaratma orqanı (vəzifəli şəxslər)
onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə səlahiyyətli
orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların
ləğv edilməsi barədə təkliflər verməlidirlər.
Maddə 94. Normativ hüquqi aktların icra olunmamasına görə məsuliyyət
Normativ hüquqi aktların icra olunmamasında təqsirli
bilinən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət
daşıyırlar.
XVII fəsil.
Normativ hüquqi aktların inkorporasiyası
Maddə 95. Azərbaycan Respublikasının qanunlar külliyyatı
95.1. Azərbaycan Respublikasının qanunlar
külliyyatı Azərbaycan Respublikasının qanunvericilik aktlarının müntəzəm təzələnən
və elektron formada nəşr edilən sistemləşdirilmiş toplusudur.
95.2. Azərbaycan Respublikasının qanunlar
külliyyatının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin
edilir.
Maddə 96. Normativ hüquqi aktların rəsmi topluları və məcmuələri
96.1. Normativ hüquqi aktların icrasına kömək
göstərmək məqsədi ilə normativ hüquqi aktların rəsmi topluları və məcmuələri
hazırlanır və nəşr edilir.
96.2. Normativ hüquqi aktların rəsmi topluları və
məcmuələri bilavasitə normayaratma orqanları və ya onların tapşırığı ilə digər
dövlət orqanları tərəfindən nəşr edilir.
Maddə 97. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri
97.1. Normativ hüquqi aktların qeyri-rəsmi
topluları və məcmuələri fiziki və hüquqi şəxslər tərəfindən nəşr edilə bilər.
97.2. Normativ hüquqi aktların qeyri-rəsmi
topluları və məcmuələri nəşr edildikdə normativ hüquqi aktın mətninin hansı rəsmi
mənbədən götürüldüyü göstərilməlidir.
XVIII fəsil. Yekun müddəalar
Maddə 98. Bu
Konstitusiya Qanununun qüvvəyə minməsi qaydası
98.1.
Bu Konstitusiya Qanunu dərc edildiyi gündən qüvvəyə minir.
98.2.
Bu Konstitusiya Qanunu qüvvəyə mindiyi gündən 1999-cu il noyabrın 26-da qəbul
olunmuş «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanunu
qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 21 dekabr 2010-cu il
№ 21-IVKQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 fevral 2011-ci il, № 37).
30
sentyabr 2016-cı il tarixli, 304-VKQD nömrəli; 12 iyun 2018-ci il tarixli,
1174-VKQD nömrəli; 7 dekabr 2018-ci il tarixli, 1378-VKQD nömrəli; 3 may
2019-cu il tarixli, 1570-VKQD nömrəli; 13 mart 2020-ci il tarixli, 9-VIKQD nömrəli;
30 sentyabr 2021-ci il tarixli, 375-VIKQD nömrəli; 30 sentyabr 2022-ci il
tarixli 591-VIKQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.
Əlavə 1
Normativ
hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu
1. Normativ hüquqi aktın layihəsinin (qanunun) tənzimləmə
sahəsinə aid normativ tənzimləmənin vəziyyəti (qüvvədə olan konkret normativ
hüquqi aktların təhlili).
2. Normativ hüquqi aktın layihəsinin (qanunun)
normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu.
3. Normativ hüquqi aktın layihəsinin (qanunun)
normalarının onun məqsəd və vəzifələrinə uyğunluğu.
4. Normativ tənzimləmə predmetinə uyğunluğu.
5. Normativ hüquqi aktın layihəsinin (qanunun)
formasının və mahiyyətinin uyğunluğu.
6. Normativ hüquqi aktın layihəsinin (qanunun)
daxili strukturunun məntiqliliyi.
7. Normativ hüquqi aktın layihəsinə daxil edilən
(qanunda olan) normaların qarşılıqlı ziddiyyətsizliyi.
8. Normativ hüquqi aktın layihəsində (qanunda)
bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi.
9. Normativ hüquqi aktın layihəsinin (qanunun)
müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti
daxilində qəbul edilməsi.
10. Normativ hüquqi aktın layihəsinin (qanunun)
müəyyən edilmiş qaydada və formada qəbul edilməsi.
11. Normayaratma texnikasına uyğunluğu.
12. Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin,
sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların
mövcud olub-olmaması.
13. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
ləğv edilməli, dəyişikliklər edilməli olan Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
(onların struktur elementlərinin) siyahısının düzgünlüyü.
14. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
hazırlanmalı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının siyahısının
düzgünlüyü.
15. Çıxarılan nəticə.
Əlavə 2
Normativ
hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amilləri
Tipik sui-istifadə amili,
sui-istifadəyə məruz qalma təzahürü |
Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadə amilinin aşkar edildiyi struktur elementi |
||
A |
Dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan
tipik sui-istifadə amilləri |
||
1. |
vəzifəli şəxsin (orqanın) diskresion səlahiyyətlərinin genişliyi |
||
2. |
vəzifəli şəxsin (orqanın) səlahiyyətinin dispozitiv imkan kimi müəyyənləşdirilməsi |
||
3. |
şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olunandan yüksək
tələblərin irəli sürülməsi |
||
4. |
vəzifəli şəxs (orqan) üçün fiziki və hüquqi şəxslərin hüquqlarından
sui-istifadə imkanının yaradılması (dispozitiv imkanın verilməsi) |
||
5. |
vəzifəli şəxsin (orqanın) hüquqlarının həcminin əsassız olaraq dəyişdirilməsi |
||
6. |
qanundan irəli gələn normayaratmanın həddindən artıq azadlığı |
||
7. |
hüquqi-linqvistik sui-istifadəyə məruz qalma |
||
8. |
orqanın səlahiyyətindən kənar normativ hüquqi aktının qəbul edilməsi |
||
9. |
qanun boşluqlarının icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə
doldurulması |
||
B |
Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri |
||
10. |
hüquqi tənzimlənmədə boşluqlarının mövcudluğu |
||
11. |
inzibati prosedurların olmaması |
||
12. |
müsabiqə (hərrac) prosedurlarının olmaması |
||
13. |
konkret fəaliyyət sahəsində vəzifəli şəxs üçün qadağa və məhdudiyyətlərin
olmaması |
||
14. |
hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi |
||
15. |
orqana və vəzifəli şəxslərə nəzarətin müəyyənləşdirilməməsi |
||
16. |
informasiyanın şəffaflığı rejiminin pozulması |
||
C |
Sistem xarakterli tipik sui-istifadə amilləri |
||
17. |
yanlış məqsəd və prioritetlər |
||
18. |
kolliziyalar |
||
19. |
məcbur edilmiş sui-istifadəyə məruz qalma |
||
Ç |
Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri |
||
20. |
normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət
olunmaması |
||
21. |
normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi |
||
22. |
mənafelər balansının pozulması |
||
D |
Digər sui-istifadə amilləri |