Konstitusiya Məhkəməsinin Plenumu AR CM 18-ci m. həmin Məcəllənin 70-ci və 79-cu maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxıb

Xəbərlər

2021 Dec

22.12.2021

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti məhkəmə iclası keçirilib.

İclasda Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70-ci və 79-cu maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Milli Məclis Aparatının sektor müdiri K.Paşayevanın, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi O.İsayevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi Q.Babayevin mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70-ci və 79-cu maddələrinə əsasən, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVII və XLVIII fəsillərinin normalarının tələblərinə müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və ya 67.1-ci maddələri ilə cəza təyin edilərkən əvvəlki hökmdə hüququn tətbiqi ilə bağlı olmayan və hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə maraqlı şəxslərin ərizəsi və ya məhkəmənin öz təşəbbüsü ilə müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.