Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirli ilə görüş keçirilib

Xəbərlər

2020 Dec

02.12.2020

2020-ci il dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Serjan Abdıkarimovla görüş keçirilib.

Səfir ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarının işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqını və Konstitusiya Məhkəməsinin bütün kollektivini təbrik etdi.

Sədr Fərhad Abdullayev təbrikə görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun parlaq qələbəsinin haqq ədalətin zəfəri olduğunu vurğulayıb. Qeyd edilib ki, bu tarixi Qələbə nəticəsində 30 ilə yaxın davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalına son qoyulmuş, beynəlxalq hüququn tələblərinin təmin edilməsinə nail olunmuşdur.

Səfir qeyd etdi ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələr bütün sahələrdə daima uğurla inkişaf edir. Həmin əlaqələrin inkişafı həmçinin məhkəmə-hüquq sahəsində də müşahidə edilir.

Qeyd olunub ki, Qazaxıstan Respublikası Konstitusiyasının 25 illiyi ilə əlaqədar 2020-ci ilin avqustun 12-də Qazaxıstan Respublikasının Prezidenti cənab Qasım-Comərd Tokayevin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına görə II dərəcəli “Dostluq” ordeni ilə təltif olunub.

Qazaxıstan Respublikasının Səfiri cənab Serjan Abdıkarimov həmin ordeni Fərhad Abdullayevə təqdim edib.

Sədr Fərhad Abdullayev Qazaxıstan Respublikasının Dövlət Başçısına öz təşəkkürünü bildirərək, vurğuladı ki, bu yüksək təltif iki ölkə arasında olan dostluq əlaqələrinin təzahürüdür.

Həmçinin, Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyevə "Qazaxıstan Respublikasının Konstitusiyasına 25 il" Yubiley medalı təqdim edilib.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış oldular və xatirə şəkilləri çəkildi.