Qərarlar

01.06.22 L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

1 iyun 2022-ci il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mülahizəsini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

L.Ramazanova Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi  Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğulmuş uşağın “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Bakı İnzibati Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli  qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati Kollegiyası) 27 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

L.Ramazanova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir.

Şikayətdə qeyd olunmuşdur ki, L.Ramazanova yeni doğulmuş oğlunun doğumunun dövlət qeydiyyatına alınması ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin həmin qeydiyyat şöbəsində uşağın doğumunun qeydiyyata alınmasından 21 fevral 2020-ci il tarixli məktubla imtina edilmişdir. İmtinanın əsası kimi uşaq üçün seçilən “Muhammed” adının yazılış qaydası olmuşdur. Belə ki, qeydiyyat şöbəsi “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlamış və adıçəkilən qurumdan verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adlarının ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Bununla da övladının doğumunun “Muhammed” adı ilə qeydə alınmasından imtina edilmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarlarında iddiaçının şikayətini əsaslandırdığı sübutlara qiymət verilməyərək iddiası rədd edilməklə, onun ədalətli məhkəmə araşdırması hüququ  pozulmuşdur.

Belə ki, iddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Buna baxmayaraq, hər üç instansiya məhkəməsi bu faktla bağlı hüquqi mövqeyini bildirməmişdir.

Ərizəçi hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən onun övladının adının Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilməməsinin, həmin adın Azərbaycan linqvistikası baxımından fonetik və semantik əlamətlərinə aid olmadığı nəticəsinə gəlinməsinin hüquqi əsası yoxdur.

Ərizəçinin qənaətinə görə, kassasiya instansiyası məhkəməsi onun apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların maddi və prosessual hüquq normalarına uyğun qiymətləndirilməməsi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) və digər qanunvericilik aktlarının müddəalarının səhv tətbiq edilməsi barədə dəlillərini araşdırmamaqla, Konstitusiyanın 60 və 71-ci maddələri ilə təmin olunan hüquqlarını, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6 və 13-cü maddələri ilə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması və səmərəli hüquqi müdafiə vasitələri hüquqlarını pozmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi uşağın ad almaq hüququnun həyata keçirilməsi qaydasını tənzimləyir.

Uşağın ad almaq hüququ, həmçinin bilavasitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda ifadə olunmuşdur. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir.

Ad hüququnun Konstitusiyanın mətnində birbaşa təsbit edilməməsinə baxmayaraq, bu hüquq Əsas Qanunun müddəalarının məzmunundan irəli gəlir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin IV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir.

Qeyd olunmalıdır ki, analoji hüquqi mövqeyə Almaniya Federal Konstitusiya Məhkəməsinin təcrübəsində də rast gəlinir (2008-ci il 5 dekabr tarixli qərar, 1 BvR 576/07).

Lakin ümumi yurisdiksiya məhkəmələrində L.Ramazanovanın iddiası üzrə baxılan məsələ onun Konstitusiya ilə təminat verilən şəxsi və ailə həyatı hüququ ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ərizəçinin mübahisə etdiyi məhkəmə aktının Konstitusiyaya uyğunluğu Əsas Qanunun 32-ci maddəsinin II hissəsinin müddəaları nəzərə alınmaqla yoxlanılmalıdır.

Konstitusiyanın 32-ci maddəsinin II hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır.

Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir.

Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir.

Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin II hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər.

Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Konstitusiyada dövlət dilinin statusunun müəyyən edilməsi Azərbaycan dilinin konstitusion dəyərə malik olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərildiyi kimi, dövlət dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Dövlət dilinin statusunun Konstitusiyada təsbiti həm də o deməkdir ki, qanunverici dilin ictimai həyatda istifadəsinə şərait yaratmağa və onu müdafiə vasitələri ilə təmin etməyə borcludur.

Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır, 13-cü maddəsində isə müəyyən olunur ki, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli Fərmanının  2.4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 13.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla) nəzərdə tutulur.

Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin II hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (Güzel Erdagöz Türkiyəyə qarşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin Moxamed Sed Dahir İsveçrəyə qarşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21).

Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32).

Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (Bukley Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69).  

Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47).

Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39).

Hazırkı işdə məhkəmələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli  277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin 1.1, 1.2, 2.1.10 və 2.1.11-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişlər ki, iddiaçı L.Ramazanovanın iddiası əsassızdır və rədd edilməlidir.  

Belə ki, məhkəmələr Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyini nəzərə alaraq hesab etmişlər ki, cavabdehin imtinası əsaslıdır. Həmin rəydə qeyd olunmuşdur ki, “2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə orfoqrafiya qaydalarına uyğun olaraq “Muhammed” adının “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” formasında yazılışı düzgün hesab edilir”.

Bununla əlaqədar qeyd olunmalıdır ki, həmin Lüğətin “Lüğətin quruluşu” adlanan hissəsində coğrafi adlar, şəxs adları, müasir ədəbi dildə işlənməyən qəliz ərəb və fars sözləri, yalnız bir məhəllə və məhdud peşəkarlar dairəsində işlənən sözlərin (arqotizmlərin), əsasən Lüğətə daxil edilmədiyi bildirilir.

Eyni zamanda, burada göstərilmişdir ki, Lüğəti çap etmiş nəşriyyat tərəfindən hazırlanmış şəxs adları (Əlavə 3-4) siyahıları orfoqrafiya lüğətinə ilk dəfə əlavə olunmuşdur.

İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 58.7 və 69.4-cü maddələri).

Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).

Lakin məhkəmələr heç bir araşdırma aparmadan, yalnız ekspert rəyinə istinad edərək, işin digər hallarına, o cümlədən ərizəçinin dəlillərinə lazımi hüquqi qiymət vermədən və gəldikləri nəticəni kifayət qədər əsaslandırmadan L.Ramazanovanın iddiasını rədd etmişlər.

Belə ki, ərizəçinin şikayətinin dəlillərinin inzibati işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə birlikdə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr ərizəçinin bu dəlilinə  heç bir hüquqi qiymət verməmişlər.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərar).

Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, məhkəmələr müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışlar.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun  T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini nəzərdə tutur (V.Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən asılı ola bilər.

Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (Ruiz Torija İspaniyaya qarşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

L.Ramazanovanın kassasiya şikayəti əsasında inzibati işə baxmış Ali Məhkəmənin İnzibati Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 32-ci maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, L.Ramazanovanın uşağa ad qoyulması tələbi barədə iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı Konstitusiyanın 32-ci maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.        L.Ramazanovanın  uşağa ad qoyulması tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin  I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2.        Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.        Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                          Fərhad Abdullayev