Qərarlar

20.04.22 “HTM Holding” MMC-in direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9/02/2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

 20 aprel 2022-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “STP” MMC) “HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “HTM Holding” MMC) qarşı 19 iyul 2013-cü il tarixli, SS-250 nömrəli və 7 yanvar 2014-cü il tarixli, 02/SS-002 nömrəli malların alğı-satqı müqavilələri üzrə 115 596, 11 manat məbləğində borcun “HTM Holding” MMC-dən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 23 yanvar 2019-cu  il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə “STP” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 sentyabr 2019-cu  il tarixli qərarı ilə “HTM Holding” MMC-nin kassasiya şikayəti qismən təmin edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə “STP” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, “HTM Holding” MMC tərəfindən 7 yanvar 2014-cü il tarixli 02/SS-002 nömrəli malların alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 19 726, 06 manat məbləğində borcun “STP” MMC-yə ödənilməsi qət edilmişdir.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci  il tarixli qərarı ilə “STP” MMC-nin kassasiya şikayəti təmin edilərək iş üzrə yeni qərar qəbul edilmişdir. “HTM Holding” MMC-dən “STP” MMC-nin xeyrinə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən tutulmuş 19 726, 06 manat məbləğ daxil olmaqla, ümumilikdə 115 626, 11 manat məbləğində borcun tutulması qərara alınmışdır.

 “HTM Holding” MMC-nin direktoru H.Əliyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 417-ci maddəsinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayətdə göstərilmişdir ki, iş üzrə ikinci kassasiya icraatı zamanı məhkəmə tərəfindən  malların təhvil-təslimində iştirak etmiş şəxslərin cavabdehlə əlaqəsinin olub-olmamasının araşdırılmasına dair göstəriş verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin göstərişə əməl edilməsi məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və aktlara imza çəkən şəxsin cavabdehin nümayəndəsi olmaması müəyyən edilmişdir. Lakin üçüncü kassasiya icraatı zamanı məhkəmə həmin ekspert rəyini nəzərə almayaraq məhkəməyə təqdim edilməyən müqaviləyə əsaslanaraq, işin faktiki hallarına və sübutlara qiymət verməklə yeni qərar qəbul etmişdir. 

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Məhkəməyə müraciət etmək  hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları).

Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə  baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

Məhkəməyə müraciət etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciətin əsası olmuş hallarla fərqlənirlər.

 Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

 Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

 İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).

İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.

İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məh­kə­mələr tə­rəf­lə­rin tə­ləb­lə bağ­lı han­sı hü­qu­qi əsas­lan­dır­ma­nı irə­li sürmələrindən ası­lı ol­ma­ya­raq tətbiq ediləcək hüquq normalarını  müs­tə­qil su­rət­də müəyyən et­mə­li­dir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.

Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz.

İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Belə ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Burada nəzərə alınmalıdır ki, həmin maddədə qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər. 

 İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

Beləliklə, dispozitivlik prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.

 İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair   qayda  həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.

Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.

Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçı “STP” MMC Şirvan İnzibati-İqtisadi Məhkəməsinə “HTM Holding” MMC ilə aralarında bağlanmış  02/SS-002 və 02/SS-009 nömrəli alğı-satqı müqavilələri əsasında yaranmış 115 596, 11 manat məbləğində borcun sonuncudan tutularaq ona ödənilməsi tələbinə dair iddia ilə müraciət etmişdir. 20 fevral 2018-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizələrində texniki səhvə yol verildiyini göstərməklə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq  02/SS-009 nömrəli müqavilənin SS-250 nömrəli müqavilə ilə əvəz edilməsini xahiş etmiş, bundan sonra məhkəmələr “STP” MMC-nin “HTM Holding” MMC-yə qarşı 19 iyul 2013-cü il tarixli SS-250 və 7 yanvar 2014-cü il tarixli 02/SS-002 nömrəli alğı-satqı müqavilələri üzrə 115 596, 11 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair işə baxmışdır. 02/SS-009 nömrəli müqavilə iddianın əsasını təşkil etmədiyindən məhkəməyə təqdim edilməmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyul 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “STP” MMC tərəfindən iddia ərizəsinə 26 fevral 2014-cü il tarixli 02/SS-009 nömrəli malların alğı-satqı müqaviləsi əlavə edilmədiyi və həmin müqavilə üzrə cavabdeh “HTM Holding” MMC-dən pul tələb edilmədiyi halda, qeyd olunan müqavilə üzrə müəyyən edilən 50 637, 11 manat məbləğində pulun, tələb edilən cəmi 115 626, 11 manat məbləğinə daxil edilməsi əsassız olduğundan, 26 fevral 2014-cü il tarixli 02/SS-009 nömrəli malların alğı-satqı müqaviləsi üzrə 50 637, 11 manat məbləğində pul tələbinə dair hissədə iddia təmin edilə bilməz.

Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, 9 fevral 2021-ci il tarixli Qərarında hesab etmişdir ki, “STP” MMC-nin iddia tələbi işin materiallarına əlavə edilmiş 3 müqavilə (SS-250, 02/SS-002, 02/SS-009) və həmin müqavilələrə uyğun tərtib olunmuş qaimə fakturalar və elektron vergi-hesab fakturalarına əsaslanır. Həmin qaimə faktura və elektron vergi-hesab fakturalarına əsasən, ümumi məbləğ SS-250 nömrəli 19 iyul 2013-cü il tarixli müqaviləyə görə 35 800, 26 manat, 02/SS-002 nömrəli 7 yanvar 2014-cü il tarixli müqaviləyə görə 64 959 manat, 02/SS-009 nömrəli 26 fevral 2014-cü il tarixli müqaviləyə görə 50 637 manat təşkil etmişdir. SS-250 nömrəli müqavilə üzrə borc cavabdeh tərəfindən ödənilmiş, qalan iki müqavilə əsasında “HTM Holding” MMC-nin “STP” MMC-yə 115 626, 11 manat borcu yaranmışdır.     

Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi məhkəmələrə təqdim edilməyən  02/SS-009 nömrəli 26 fevral 2014-cü il tarixli müqavilə əsasında qərar qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir.

Kassasiya instansiyası məhkəməsinin həmin Qərarında o da qeyd edilmişdir ki,  apellyasiya instansiyası məhkəməsi “STP” MMC tərəfindən təqdim edilən və işdə əsas sübut növü sayılan elektron vergi-hesab fakturalarına hüquqi qiymət verməmişdir. Halbuki, həmin vergi mühasibatlığı sənədləri iddiaçı tərəfindən malların cavabdehə göndərilməsini və nəticədə 115 626, 11 manat məbləğində borcun yaranmasını təsdiq edən sənəddir.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının bu mövqeyi ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).

Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş  hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Bu baxımdan,  lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Hazırkı iş üzrə isə Ali Məhkəmənin Kommersiya Kollegiyası tərəflər arasında mövcud müqavilələrin şərtlərini, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, kassasiya instansiyası məhkəməsinin əvvəlki göstərişinə əməl olunaraq apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza nəticəsində tərtib edilmiş ekspert rəyini və digər sübutları nəzərə almayaraq, yalnız elektron vergi-hesab fakturalarına hüquqi qiymət verməklə, məhkəmələr tərəfindən tədqiq olunmayan müqavilə əsasında yeni qərar qəbul etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi vacib hesab edir ki, mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel, 2004-cü il 21 may, 2004-cü il 3 avqust, 2004-cü il 28 oktyabr, 2010-cu il 21 iyun, 2012-ci il 28 fevral, 2014-cü il 18 fevral və 2014-cü il 15 sentyabr tarixli Qərarları).

Lakin iş üzrə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhz hansı maddi hüquq normasının tələblərinin pozulmasını və ya düzgün tətbiq edilməməsini göstərmədən, həmin məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət olunmadığını və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinməsini göstərməklə Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə son nəticədə həmin hüquq normalarının tələblərini pozmuşdur.     

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “STP” MMC-nin “HTM Holding” MMC-yə qarşı pul tələbinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin  417.1.4 və 417.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin “HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                                    Fərhad Abdullayev