Qərarlar

16.03.22 A.Nadirova və qeyrilərinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

16 mart  2022-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçilərin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

N.Nadirov A.Nadirovaya, Quba Rayonu İcra Hakimiyyəti Başçısının I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (bundan sonra  –  I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik) və Quba “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

A.Nadirova və qeyriləri isə N.Nadirov, üçüncü şəxslər və Quba  “ASAN xidmət” mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu I Nügədi kəndində yerləşən 154 kv.m ümumi sahəsi olan V.Nadirovdan miras qalmış fərdi yaşayış evini, Meyxanım Nadirovadan miras qalmış 0,20 ha torpaq sahəsini Mehman Nadirovun qəbul etməsi, həmin miras əmlakdan sonuncuya düşən paydan onlara aid hissənin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Bundan sonra A.Nadirova və qeyriləri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən miras əmlakın M.Nadirov tərəfindən qəbul edilməsinin və ona düşən payın müəyyən edilməsi, həmin paydan A.Nadirova və qeyrilərinin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Quba Rayon Məhkəməsinin 5 aprel 2019-cu il tarixli qərardadı ilə hər iki tələb üzrə mülki işlərin bir icraatda birləşdirilərək baxılması qərara alınmışdır.

Həmin Məhkəmənin 24 may 2019-cu il tarixli qətnaməsi ilə birinci iddia qismən təmin edilmiş, 28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə  qismən, ½ hissədə etibarsız hesab edilmiş, ikinci iddia tam təmin edilmiş, M.Nadirovun ½ hissədə vərəsəlik üzrə miras payı müəyyən edilmiş, əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla onun vərəsələri A.Nadirova və qeyrilərinin vərəsəlik üzrə miras payları müəyyən edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək N.Nadirovun iddiası təmin edilmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, A.Nadirova və qeyrilərinin iddia tələbi rədd edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 25 fevral 2021-ci il tarixli qərarı ilə ərizəçilərin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

A.Nadirova və qeyriləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək  Ali Məhkəmənin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1243.2, 1243.3 və 1272-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 372.1, 418.1 və 418.2-ci maddələri düzgün tətbiq edilməmiş, miras qalmış əmlakın – torpaq sahəsinin və yaşayış evinin əmlak və torpaq vergisinin 2004-2013-cü illərdə M.Nadirov tərəfindən ödənilməsinə, bunu təsdiq edən qəbzlərin iş materiallarında mövcudluğuna, bununla da mirası tam qəbul etmiş hesab olunmasına düzgün hüquqi qiymət verilməmiş, N.Nadirovun miras əmlakı faktiki olaraq qəbul etməsi qənaətinə gəlinərək ərizəçilərin Konstitusiyanın  29, 60 və 71-ci maddələrində təsbit edilmiş vərəsəlik, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı hüquqları pozulmuşdur.

Şikayətdə qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.

Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir.

Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü  təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik  (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir.

O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır.

Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur.

Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.

Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda  hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi  vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.

Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin  mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə  və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.

Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.

Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki,  V.Nadirov 1918-ci ildən 1995-ci ilə kimi, M.Nadirova 1923-cü ildən 2004-cü ilə kimi Quba rayonu I Nügədi kəndində yaşamışlar. V.Nadirov öldükdən sonra vərəsələrindən arvadı M.Nadirova, uşaqları Fəridə, Mehman, Sevil, Mail, Nəbi və Tərlanə qalmışdır.

Quba “ASAN xidmət” mərkəzinin notariat ofisinin 16 avqust 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 iyul 2012-ci il tarixli arayış əsasında 23 avqust 2004-cü il tarixində vəfat etmiş M.Nadirovanın vərəsəsi kimi oğlu Mehman Nadirov qalmış və o, miras əmlakı qəbul etmişdir.

28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə 23 avqust 2004-cü ildə vəfat etmiş M.Nadirovanın vərəsəsi kimi Mehman Nadirov göstərilmiş, miras əmlak isə I Nügədi 3409/034№-li filialında 215 saylı hesab üzrə qoyulmuş əmanət pulundan ibarət olmuşdur.

I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 16 avqust 2018-ci il tarixində verilmiş arayışa görə, M.Nadirov vəfat edənədək, yəni 2 sentyabr 2013-cü ilə kimi Quba rayonu I Nügədi kəndində yaşamışdır. O, öldükdən sonra vərəsələri arvadı A.Nadirova, uşaqları N.Nadirova (Xəlilova) və A.Nadirova (Cəfərova) qalmışlar.

Quba “ASAN xidmət” mərkəzinin notariat ofisinin 16 oktyabr 2018-ci il tarixli məktubuna əsasən, N.Xəlilova və A.Cəfərovanın xahişi əsasında Meyxanım Nadirovadan miras qalmış əmlakdan Mehman Nadirova çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan sonra A.Nadirova və qeyriləri yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişlər.

Quba Rayon Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, vərəsə M.Nadirov I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yalnız onun vərəsə olması barədə arayışı əsasında Notariat Kontoruna özünü tək vərəsə kimi təqdim etmiş və anası M.Nadirovadan miras qalmış əmanət puluna münasibətdə 28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Halbuki vərəsə N.Nadirov (digər vərəsələr miras əmlakdan onlara çatası paydan imtina etmiş) anası M.Nadirovadan qalmış miras torpaq sahəsini faktiki olaraq idarə edərək miras əmlakdan imtina barədə Notariat Kontoruna ərizə verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, ½ hissədə etibarsız hesab edilməlidir.

V.Nadirovdan miras qalmış fərdi yaşayış evinin, M.Nadirovadan miras qalmış 0,20 ha torpaq sahəsinin Mehman Nadirov tərəfindən qəbul edilməsinə dair ikinci iddia ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, M.Nadirov həm miras qoyan M.Nadirovadan qalmış əmanət pulunu qəbul etməklə, həm də miras əmlaka dair vergiləri ödəməklə faktiki olaraq mirası qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü  maddəsinə əsasən, M.Nadirov mirasın bir hissəsinə sahiblik etməyə başladığından mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab edilir.

Birinci instansiya məhkəməsinin qərarını ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mövqeyini onunla əsaslandırmışdır  ki, mirasqoyanın vərəsələrindən M.Nadirovun vərəsələrini çıxmaq şərtilə qalan vərəsələr miras əmlakdan imtina etmişlər. N.Nadirov isə mirasqoyanların sağlığında onlarla yaşamış, evin maddi-məişət, kommunal xərclərini ödəmiş, hazırda həmin ev və evin həyətyanı torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. O, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini nümayiş etdirmişdir.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən M.Nadirovun miras əmlakı faktiki qəbul etməsi barədə birinci instansiya məhkəməsinin qənaəti prosessual hüquq normalarına əsaslanmaqla təkzib edilməmiş, məhkəmə mövqeyini yalnız həmin əmlakın formal qəbul edilməsinə dair müvafiq maddi hüquq normalarının pozulması ilə əsaslandırmışdır. 

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu mülki məhkəmə icraatının bəzi xüsusiyyətlərini bir daha qeyd etməyi zəruri hesab edir. 

Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).

Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir.

Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi).

Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni  zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir.  Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır.

Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara hüquqi qiymət vermədən, ehtimala əsaslanmaqla mübahisəli miras əmlakın N.Nadirovun sahibliyində olduğu qənaətinə gəlmişdir.

Beləliklə, apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

Miras əmlakın M.Nadirov tərəfindən (qanunla müəyyən olunmuş qaydaya uyğun olaraq) qəbul edilməsi faktının öz təsdiqini tapmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.

Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almamışdır.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən  qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).                                                                             

Lakin məhkəmələr tərəfindən N.Nadirovun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir.

Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.1-ci maddəsinə müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu,  düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə  işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməyərək, həmin Məhkəmənin 14 fevral 2020-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Məcəllənin 324.5, 1243 və 1272-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinin tələblərinə uyğun olmayan qərar qəbul etmiş, nəticədə ərizəçilərin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, N.Nadirovun A.Nadirovaya, I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə və Quba “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, A.Nadirova və qeyrilərinin mirasın qəbul edilməsi faktının və miras əmlak üzrə payların müəyyən olunması barədə iddia tələblərinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  N.Nadirovun A.Nadirovaya, Quba Rayonu İcra Hakimiyyəti Başçısının I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Quba  “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, A.Nadirova və qeyrilərinin mirasın qəbul edilməsi faktının və miras əmlak üzrə payların  müəyyən olunması barədə iddia tələblərinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

 

 Sədr                                                                                          Fərhad Abdullayev