Qərarlar

17.01.22 AR Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 100, 101-ci maddələri və AR CPM 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin  53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

17 yanvar 2022-ci il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın  və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin və mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)  128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 100, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, qüvvədə olan qanunvericilikdə hakimlərin toxunulmazlığını müəyyən edən hüquqi müddəalar ümumi xarakter daşıyır və  hakimlərin toxunulmazlığının sərhədləri müddət baxımından qeyri-müəyyəndir. Belə ki, həm cinayət başında yaxalanma zamanı, həm də digər hallarda hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının (bundan sonra – Məhkəmə-Hüquq Şurası) razılığının alınması tələb olunur.

Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsinin qanunla müəyyən olunmuş qaydada qoyulması cinayət təqibi üzrə icraatın dayandırılması əsaslarına aid edilmişdir. Məcəllənin 53.3.4-cü maddəsinə əsasən, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı cinayət təqibi üzrə icraatın dayandırılmasına əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 53.6-cı maddəsinə əsasən, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir.

Sorğuverənin qənaətinə görə, hakimin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Baş prokurorun təqdimatının təmin edilməməsi ilə əlaqədar icraatın dayandırılmasına əsas verən səbəbin aradan qalxmaması icraatın dayandırılmış olaraq qalması ilə nəticələnə bilər. Bu zaman iş üzrə icraatın təzələnməsi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 113-cü maddəsinə uyğun olaraq yalnız hakimin səlahiyyət müddətinin (uzadılmış səlahiyyət müddətinin) qurtarması, eləcə də səlahiyyətlərinə müvafiq əsaslarla vaxtından əvvəl xitam verilməsi hallarında (öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizə verdikdə, tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda, hakim vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə və s.) mümkün olacaqdır ki, belə olan halda səlahiyyətlərinə xitam verilmiş hakimin toxunulmazlıq hüququnun olduğu səlahiyyətli dövrü ərzində törətdiyi əmələ görə cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün Məhkəmə-Hüquq Şurasından müvafiq razılığın alınmalı olub-olmaması, yəni  sözügedən Qanunun 101-ci maddəsində müəyyən edilmiş prosedurlara riayət edilib-edilməməsi ilə bağlı məsələ sual doğurur.

Sorğuverən hesab edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 101-ci maddəsinin mövcud redaksiyasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsinin düzgün tətbiqində yarada biləcəyi çətinliklər, habelə beynəlxalq təcrübənin öyrənilməsi və təhlil edilməsi nəticəsində müəyyən olunanlar nəzərə alınmaqla, hakimlərin toxunulmazlığının müddət sərhədlərinin, yəni səlahiyyət müddətinin bitməsi və ya digər əsaslara görə hakim vəzifəsində fəaliyyətinə xitam verilmiş şəxslər barəsində hakim vəzifəsində işlədikləri müddətdə törətdikləri əməllərə görə cinayət təqibinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə Konstitusiyanın 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100, 101-ci maddələri və  Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə zərurət vardır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Konstitusiyanın 127-ci maddəsinin I və III hissələrinə əsasən, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır (Konstitusiyanın 8-ci maddəsinin IV hissəsi).

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 8-ci maddəsinə görə, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.

Hakimlərin müstəqilliyi prinsipi bütövlükdə məhkəmə sisteminin müstəqilliyinin vacib elementi olmaqla,  hakimiyyət bölgüsü, qanunun aliliyi, ədalət, insan hüquqlarının təmin edilməsi prinsiplərinin realizəsinə yönəlmiş mühüm təminatlardan biridir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təsbit və təmin edilməsində dövlətin xüsusi publik marağı mövcud olur.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmənin hakimiyyətin digər qollarından, həmçinin tərəflərdən müstəqil olmasını tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Campbell və Fell Birləşmiş Krallığa qarşı iş üzrə 1984-cü il 28 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin “müstəqil” olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı meyarlar nəzərdən keçirilməlidir:

- hakimlərin təyin edilməsi qaydası və hakimlərin səlahiyyət müddəti;

- hakimlərə təzyiqlərin yolverilməzliyinə dair təminatların mövcudluğu;

- məhkəmənin zahiri müstəqilliyi.

“Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”nin “Müstəqillik” adlanan bölməsinin preambulasına əsasən, məhkəmə orqanlarının müstəqilliyi qanunçuluğun və işin məhkəmədə ədalətli həll edilməsinin əsasını təşkil edir. Bu baxımdan, hakim məhkəmə orqanlarının müstəqilliyi prinsipini şəxsi və institusional aspektlərdə həyata keçirməlidir.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq, hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.

Ədalət mühakiməsinin publik hüquqi məqsədlərinin hakimlər tərəfindən realizə edilməsini nəzərə alaraq qanunverici  onlara münasibətdə xüsusi təminatlar müəyyən edir. Digər şəxslərlə müqayisədə hakimə daha yüksək təminatları müəyyənləşdirməklə dövlət nəticə etibarilə hakimin fəaliyyətini xüsusi dəyərləndirir, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir.

Beləliklə, məhkəmənin müstəqilliyinin müstəsna publik əhəmiyyətinə xüsusi önəm verərək, qanunverici onun təmin olunmasının siyasi, iqtisadi və hüquqi mexanizmlərini müəyyən etmişdir.

Siyasi təminatlara  hakimlərin heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməməsi, siyasi fəaliyyətlə məşğul və siyasi partiyalara üzv ola bilməməsi kimi qadağalar aiddir. Bununla məhkəmə qərarlarının hakimlərin siyasi baxışlarından və siyasi məqsədəmüvafiqlikdən müstəqilliyi təmin olunur.

İqtisadi təminatlara dövlət tərəfindən hakimlərin maddi və sosial təminatı məsələlərinin hakimin yüksək statusuna uyğun səviyyədə həll edilməsi aiddir.

Hüquqi təminatlara hakimlərin dəyişilməzliyi, təyin edilməsi, vəzifədən kənarlaşdırılması və səlahiyyətinə xitam verilməsinin xüsusi qaydaları, təhlükəsizliyi, intizam məsuliyyətinə cəlb edilməsinin qaydaları, toxunulmazlığı və s. aiddir.

Sorğuda qaldırılan məsələ məhkəmənin müstəqilliyinin hüquqi təminatı olan hakimlərin toxunulmazlığı ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsinin Plenumu bu təminatın bəzi xüsusiyyətlərini qeyd etməyi vacib hesab edir.

Qeyd olunduğu kimi, Konstitusiyanın 128-ci maddəsi ilə təsbit edilmiş hakimlərin toxunulmazlığı onların hüquqi statusunun və fəaliyyətlərinin vacib təminatlarından olmaqla, onları hər hansı təsir, təzyiq və təqiblərdən qorumaq məqsədini daşıyır.

Avropa Şurasının Nazirlər Komitəsinin “Hakimlər haqqında: müstəqillik, səmərəlilik və məsuliyyət” adlanan Tövsiyəsində qeyd edilmişdir ki, hakimlərin toxunulmazlığı onların maraqlarına xidmət edən bir üstünlük və ya imtiyaz deyil, qanunun aliliyinin təmin edilməsi, müstəqil və qərəzsiz ədalət mühakiməsini arzulayan şəxslərin maraqları naminə mövcud olan bir mexanizmdir.

Hakimlərin toxunulmazlığı müxtəlif hüquq münasibətləri sahəsində realizə olunur ki, burada üç əsas istiqaməti qeyd etmək olar:

1.              maddi-hüquqi toxunulmazlıq - hakimlərin mülki-hüquqi məsuliyyətinin hədlərinin müəyyən edilməsini;

2.              funksional toxunulmazlıq - hakimlərin səlahiyyətləri çərçivəsində həyata keçirdikləri fəaliyyətə görə hüquqi məsuliyyətə cəlb edilməsinin yolverilməzliyini;

3.              prosessual toxunulmazlıq - hakimin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinin, qətimkan tədbirlərinin seçilməsinin, habelə hakimlər barəsində istintaq hərəkətlərinin aparılmasının xüsusi qaydalarını ehtiva edir.

Maddi-hüquqi toxunulmazlıq ilə əlaqədar qeyd edilməlidir ki,  “Məhkəmələr və hakimlər haqqında” Qanunun 101-ci maddəsinin on birinci hissəsinə görə, məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir.

Birləşmiş Millətlər Təşkilatının  29 noyabr 1985-ci il tarixli 40/32 saylı Qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin” 16-cı maddəsinə uyğun olaraq, daxili qanunvericilikdə hər hansı intizam qaydaları, şikayət etmək hüququ və ya dövlət tərəfindən kompensasiyanın ödənilməsi nəzərdə tutulmaqla, hakimlər öz vəzifə səlahiyyətlərini həyata keçirərkən yol verdikləri səhvlər nəticəsində yaranan maddi ziyana münasibətdə immunitetə malik olmalıdırlar.

Avropa Məhkəməsinin bir sıra qərarlarında ifadə edilən hüquqi mövqeyə əsasən, hakimlərin toxunulmazlığı ədalət mühakiməsinin lazımi səviyyədə həyata keçirilməsi kimi qanuni məqsəd daşıyır... Bu, imkan verir ki, hakimlər öz səlahiyyətlərini tam müstəqil, qərarların çıxarılması zamanı diskresiyaları ziyanın dəyməsi ilə nəticələnərsə məsuliyyətin yaranmasından qorxmayaraq həyata keçirsin. Nəhayət, bu, hakimlərə diqqətlərinin qərardan narazı qalan tərəflərin davamlı iddialarına yayındırmadan, vəzifələrinin icra edilməsinə yönəldilməsinə imkan verir (Gryaznov Rusiyaya qarşı iş üzrə 2012-ci il 12 iyun tarixli Qərar və s.)

Funksional toxunulmazlığa gəlincə, bu institut hakimin diskresiyasına görə, yəni işə baxılması nəticəsində gəldiyi nəticəyə və ifadə etdiyi mövqeyinə görə hüquqi məsuliyyətə cəlb edilməsini qadağan edir.

“Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərin funksional toxunulmazlığı ilə bağlı müddəa nəzərdə tutulmasa da, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 16.10-cu maddəsinə görə,  Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsindəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 128-ci maddəsi ilə təsbit olunmuş toxunulmazlıq bütün hakimlərə münasibətdə funksional toxunulmazlıq təminatını ehtiva edir və bu növ toxunulmazlıq hakimin səlahiyyətlərinə xitam verildikdən sonra da davam edir.

Əks yanaşma funksional toxunulmazlıq institutunun məqsəd və hüquqi funksiyasına zidd olmaqla, Konstitusiya və müvafiq qanunvericilik normaları ilə təsbit edilmiş təminatların “xəyali” xarakter daşımasına, nəticədə məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirilməsinə səbəb ola bilər.

Belə ki, funksional toxunulmazlığın məqsədi hakimlər tərəfindən fəaliyyətləri çərçivəsində ifadə edilmiş mövqelərə görə gələcəkdə təqib olunmayacaqlarına güvənərək, hər hansı kənar təzyiqlərə məruz qalmadan, müstəqil, qərəzsiz və şəffaf qərarların qəbulunun təmin edilməsidir.   

Bununla belə, hakimin bilə-bilə ədalətsiz qərar qəbul etməsi sübuta yetirilərsə (prosessual təminatlara əməl edilməsi şərti ilə), o cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu halda, hakim fəaliyyəti zamanı qərarlarında ifadə etdiyi mövqeyinə görə deyil, məhz belə qərarın qəbul edilməsi vaxtı törətdiyi cinayətkar əmələ görə məsuliyyətə cəlb olunur. Belə ki, bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 295-ci maddəsinə əsasən cinayət məsuliyyətini yaradır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 295-ci maddəsinin dispozisiyasında yer alan “bilə-bilə” ifadəsi   həmin cinayət tərkibinin zəruri əlamətini təşkil edir və hakim ədalətsiz qərarın çıxarılmasına görə yalnız bunun qəsdən edildiyi sübut olunduğu təqdirdə cinayət məsuliyyəti daşıyır.

Belə yanaşma beynəlxalq sənədlərdə də ifadə edilmişdir. Belə ki, Avropa Şurasının Nazirlər Komitəsinin yuxarıda qeyd edilən Tövsiyəsinin 68-ci bəndinə əsasən, alçaq niyyətlə törədilən hallar istisna olmaqla, işə baxılarkən hakim tərəfindən qanunun şərhi, faktların və ya sübutların qiymətləndirilməsi  cinayət məsuliyyətinə əsas ola bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu onu da xüsusilə vurğulayır ki, hakimlərin toxunulmazlığı onların cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə məsuliyyətdən azad edilməsi və ya cəzalandırılmamış qalmasının əsası kimi qiymətləndirilə bilməz. Burada məqsəd  hakimlərin müstəqilliyinin təmin edilməsi üçün onların təzyiq və təsirlərdən müdafiə edilməsi ilə cəzanın qaçılmazlığı prinsipi  (ubi culpa est, ibi poena subesse debet) arasında ədalətli balansın əldə olunmasıdır.

 Məhz bu səbəbdən də qanunvericilikdə hakimin toxunulmazlığının götürülməsi ilə bağlı müvafiq qaydalar (prosessual toxunulmazlıq) nəzərdə tutulmuşdur. Hakimin prosessual toxunulmazlığından irəli gələn qaydalara riayət edilmədən onun barəsində cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş əmələ görə cinayət təqibinin həyata keçirilməsi yolverilməzdir.

Belə ki, Konstitusiyanın 128-ci maddəsinin II hissəsinə uyğun olaraq, hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.

Cinayət-Prosessual Məcəlləsinin 11.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının hakimləri barəsində cinayət təqibinin xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

 “Məhkəmələr və hakimlər haqqında” Qanunun 101-ci maddəsinə  görə,  cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz. Hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verir. Azərbaycan Respublikasının Baş prokuroru hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə-Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Azərbaycan Respublikasının Baş prokuroruna təqdim edilir. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir. Digər hallarda hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılır. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

Konstitusiya Məhkəməsinin hakiminin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü ilə bağlı isə qanunverici tərəfindən daha mürəkkəb, ikipilləli prosedur nəzərdə tutulmuşdur. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanuna görə, Konstitusiya Məhkəməsinin hakimi cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Konstitusiya Məhkəməsi hakiminin cinayət başında yaxalanması halları istisna olunmaqla, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilən şəxs qismində tutulmuş Konstitusiya Məhkəməsinin hakimi şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli və bu barədə Konstitusiya Məhkəməsinə, habelə Azərbaycan Respublikasının Baş prokuroruna yazılı məlumat verilməlidir. Konstitusiya Məhkəməsi hakiminin hərəkətlərində cinayət əməlinin əlamətləri olduqda, o, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada vəzifədən kənarlaşdırıla bilər. Konstitusiya Məhkəməsinin hakimi vəzifədən kənarlaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsinin razılığı olduqda, Azərbaycan Respublikası Baş prokurorunun qərarına əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb oluna və həbs edilə bilər (16.2-16.4 və 16.7-ci maddələr).

Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda cinayət təqibi üzrə icraat dayandırılır. Həmin Məcəllənin 53.3.4-cü maddəsinə görə, cinayət təqibi üzrə icraatın dayandırılması üçün şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı olmalıdır. İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir (Cinayət-Prosessual Məcəlləsinin 53.6-cı maddəsi).

Sorğuda müvafiq razılığın alınmadığı təqdirdə cinayət təqibi üzrə icraatın dayandırılmış qalması və yalnız hakimin səlahiyyət müddəti bitdikdən sonra davam etdirilməsi ilə bağlı qaldırılan məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, Baş prokurorun hakimin toxunulmazlıq hüququndan məhrum edilməsinə dair təqdimatına baxılması üzrə  Məhkəmə-Hüquq Şurasının qəbul etdiyi qərarın və Konstitusiya Məhkəməsinin hakiminin cinayət məsuliyyətinə cəlb edilməsinə razılığın verilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarının hüquqi təbiətinə nəzər salmağı vacib hesab edir.

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun) 1-ci maddəsinə əsasən, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilininhakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi... və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Həmin Qanunun 11.0.12-ci maddəsinə müvafiq olaraq, Məhkəmə-Hüquq Şurası hakimlərin səlahiyyətlərinə xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 12.0.9-cu maddəsinə əsasən, hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq vermək Məhkəmə-Hüquq Şurasının hüququdur. Hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatının təmin və ya rədd edilməsi haqqında qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edirlər. Məhkəmə-Hüquq Şurasının bu məsələ üzrə qəbul edilən qərarı qətidir (17.4-cü maddə).

“Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 18.1-ci maddəsinə uyğun olaraq, həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş (hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatının təmin edilməsi və ya rədd edilməsi haqqında) qərardan şikayət verilə bilməz.

Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Qanunvericilik normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilib-verilməməsinə dair qərarın düzgün olması prezumpsiyası mövcuddur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiya Məhkəməsinin və ya Məhkəmə-Hüquq Şurasının hakim barəsində cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə toxunulmazlıq hüququndan məhrum edilməsinə dair Baş prokurorun təqdimatının rədd edilməsi üzrə qərarı, həmin hakimin cinayət məsuliyyətinə cəlb edilməsini birdəfəlik istisna edən akt xarakterini daşıyır və onun cinayət məsuliyyətinə cəlb edilməsini səlahiyyətlərinə xitam verilənə qədər təxirə salan akt kimi qiymətləndirilə bilməz.

Əks halda, hakim barəsində cinayət təqibinin həyata keçirilməsinin mümkünlüyünü Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılıq qərarından asılı edən qayda onların toxunulmazlığının prosessual hüquqi təminatı və müstəqilliyini təmin edən səmərəli vasitə kimi öz əhəmiyyətini itirmiş olar.

 Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, hakimin toxunulmazlığının götürülməsi məsələsi həll olunarkən, hakimlərin müstəqilliyinin təmin edilməsi və cəzanın qaçılmazlığı prinsipləri arasında tarazlığın təmin edilməsi bu barədə qərar qəbul edəcək orqanların vəzifəsini təşkil edir.

Burada xüsusilə vurğulanmalıdır ki, həm Məhkəmə-Hüquq Şurası, həm də Konstitusiya Məhkəməsi cinayət təqibi ilə hakimin fəaliyyəti arasında əlaqənin olub-olmaması, həmin cinayət təqibinin hakimin fəaliyyətinə təsir etmə vasitəsi kimi çıxış edib-etməməsini qiymətləndirməklə cinayət təqibinin həyata keçirilməsinin mümkünlüyü üzrə yekun nəticəyə gəlməlidir.

Qeyd edildiyi kimi, Cinayət-Prosessual Məcəlləsinin 53.6-cı maddəsinə əsasən, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Lakin burada nəzərə almaq lazımdır ki, Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin cinayət təqibinin həyata keçirilməsinə razılığın verilməməsi barədə qərarı qəti hüquqi nəticələr yaratmaqla cinayət təqibinin həyata keçirilməsini istisna edir. O da qeyd olunmalıdır ki, hakimin toxunulmazlığının götürülməsi barədə təqdimatın verilməsi səbəbindən dayandırılmış icraat yalnız cinayət təqibinə xitam verilməsi məqsədi ilə təzələnə bilər.

Bununla belə, qüvvədə olan cinayət-prosessual qanunvericiliyində müvafiq orqan tərəfindən hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsi barədə qərarın qəbul edilməsi cinayət təqibini istisna edən hallar sırasında göstərilməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu cinayət-prosessual qanunvericiliyinə müvafiq əlavələrin edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmasını məqsədəmüvafiq hesab edir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, hakimlik dövründə törədilən, lakin onun səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən cinayət əməlinə görə sabiq hakim barəsində cinayət təqibinin həyata keçirilməsi məsələsi yarandığı hallarda (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla), onun barəsində cinayət təqibi ümumi əsaslarla cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hakimin toxunulmazlığının, o cümlədən prosessual toxunulmazlığının məqsədi hakimin fəaliyyətinin kənar təzyiq və təsirlərdən müdafiə edilməsi, bununla da müstəqilliyinin təmin edilməsidir. Səlahiyyət müddəti bitmiş hakimin isə artıq belə təzyiq və təsirlərdən müdafiəyə ehtiyacı olmur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 128-ci maddəsinin II hissəsinin mənasına görə, Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı hakim barəsində cinayət təqibinin həyata keçirilməsini istisna edir;

- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq,  Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı əsasında Cinayət-Prosessual Məcəlləsinin 53.1.5 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada dayandırılmış cinayət təqibi üzrə icraata xitam verilməsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır;

- Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma halları istisna olmaqla, hakim həm səlahiyyəti dövründə, həm də səlahiyyətinə xitam verildikdən sonra fəaliyyətinə, qəbul etdiyi qərarlarda ifadə etdiyi mövqelərə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz;

- hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin II hissəsinin mənasına görə, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı hakim barəsində cinayət təqibinin həyata keçirilməsini istisna edir.

2.  Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.5 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada dayandırılmış cinayət təqibi üzrə icraata xitam verilməsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

3.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma halları  istisna olmaqla, hakim həm səlahiyyəti dövründə, həm də səlahiyyətinə xitam verildikdən sonra fəaliyyətinə, qəbul etdiyi qərarlarda ifadə etdiyi mövqelərə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

4.  Hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur.

5.    Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

7.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                             Fərhad Abdullayev