Qərarlar

23.09.21 “Əmək pensiyaları haqqında” AR Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə AR Ali Məhkəməsinin İK-n 20/11/20 və 14/10/20 qərarlarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr    2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

23 sentyabr 2021-ci il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17-ci maddəsinin I hissəsinə və 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakimlər S.Salmanova və K.Şəfiyevin məruzələrini, ərizəçilərin şikayətlərini, mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri X.Məmmədovun və Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Həmidovun mülahizələrini, ekspertlər Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi,  hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Rövşən Hacıyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra – Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, R.Hacıyevin pensiyasının yenidən hesablanaraq ona 11 il 3 aylıq əmək pensiyasının birdəfəlik ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati Kollegiyası) 20 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

Həmçinin digər ərizəçi Ramil Axundov Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək keçmiş dövr üçün əmək pensiyasının hesablanması və yaranmış fərqin R.Axundova ödənilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd olunmuşdur.

R.Hacıyev və R.Axundov ayrı-ayrılıqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.

Ərizəçilər şikayətlərini onunla əsaslandırmışlar ki, kassasiya instansiyası məhkəməsinin göstərilən qərarları ilə onların Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit edilmiş sosial təminat, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi R.Hacıyev 1992-ci ildən 2004-cü ilə qədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət etmişdir. Xidmət illərinin düzgün hesablanmaması nəticəsində R.Hacıyev uzun illər pensiya hüququnu həyata keçirə bilməmişdir. Onun müraciətləri nəticəsində həmin Nazirlik tərəfindən xidmət illəri yenidən hesablanmış və barəsində 793 saylı “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi” tərtib olunmuş, bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən R.Hacıyev barəsində xidmət illərinə görə 1 may 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 32.1-1-ci maddəsinə istinad edilməklə, ona əvvəlki üç il üçün ödənilməmiş pensiya hesablanmışdır.

Digər ərizəçi R.Axundova isə 1992-ci ildə Qarabağ müharibəsində aldığı xəsarətlə bağlı 20 sentyabr 1994-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsindən II qrup əlil kimi pensiya təyin olunmuşdur. 31 oktyabr 2017-ci il tarixində R.Axundov ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə  Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 18 oktyabr 2017-ci il tarixli MN-09288 nömrəli məlumat vərəqəsinə əsasən, R.Axundova 1 noyabr 2017-ci il tarixindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” II qrup əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya işinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilməsindən sonra pensiya məbləğində artım olmuşdur. Lakin keçmiş dövr üzrə yalnız üç il müddət üçün pensiya yenidən hesablanaraq ödənilmişdir.

Birinci və apellyasiya instansiyası məhkəmələri hər iki iş üzrə iddianı təmin etsə də, Ali Məhkəmənin İnzibati Kollegiyası həmin Kollegiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr  2020-ci il tarixli qərardadına istinad edərək R.Hacıyev və R.Axundovun iddialarını rədd etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hər iki şikayətin predmetinin eyni məsələyə aid olduğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17-ci maddəsinin I hissəsinə uyğun olaraq onların bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. 

Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir.

Bu hüquq bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ vardır.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərdə qaldırılan məsələ ilə bağlı qeyd edir ki, əmək pensiyalarını tənzimləyən yeni “Əmək pensiyaları haqqında” Qanun 2006-cı il 7 fevral tarixində qəbul edilmiş, 2006-cı il 1 yanvar tarixindən isə qüvvəyə minmişdir. Hazırda qüvvədə olan həmin Qanun vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

“Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

 Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərildiyi kimi, qeyd olunan məsələ ilə bağlı əvvəllər Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixinədək pensiya hüququ yaranmış şəxslər barəsində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməməlidir. Kassasiya instansiyası məhkəməsi bu qənaətini Konstitusiyanın normativ hüquqi aktların qüvvəsinin geriyə tətbiqinin yolverilməzliyi prinsipini müəyyən edən 149-cu maddəsinin VII hissəsi, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsi ilə əsaslandırırdı.

Lakin sonradan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməlidir. Ali Məhkəmə sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin vətəndaşların hüquqi vəziyyətinin son dərəcədə pisləşməsinə də səbəb olmadığı qənaətinə gələrək mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişmişdir.

Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır.

Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı qəbul edərkən sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ, demoqrafik yaşlanma prosesi, sosial hüquqların səmərəli həyata keçirilməsinin dövlətin maliyyə imkanlarından birbaşa asılı olması, büdcədə nəzərdə tutulmamış əlavə xərc öhdəliklərinin qarşısının alınması, pensiyaçıların pensiyada olma müddətinin artması və s. məsələlərə aydınlıq gətirmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət hakimiyyəti orqanı kimi məhkəmənin müstəqilliyi onun diskresion səlahiyyətlərini, yəni  mülahizə sərbəstliyini də nəzərdə tutur və bu səlahiyyət Konstitusiyada və qanunlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının ədalət mühakiməsi vasitəsilə təmin olunmasına xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının 3.2-ci bəndində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi nəzərdə tutulmuşdur.

Ali Məhkəmə tərəfindən qeyd edilən vəzifə həyata keçirilərkən Konstitusiyanın norma və prinsipləri rəhbər tutulmalı, Əsas Qanunun 147-ci maddəsinin tələbləri baxımından normativ hüquqi aktların müddəaları Əsas Qanuna uyğun şəkildə tətbiq olunmalı, habelə artıq formalaşmış məhkəmə təcrübəsində əhəmiyyətli dəyişikliklər edilərkən hüquq sisteminin sabitliyinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü prinsipinin təmin olunmasının zəruriliyi nəzərə alınmalıdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Konstitusiyanın 131-ci maddəsinin I hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin I hissəsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 98-1.1-ci maddəsinin müddəaları vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərildiyi kimi, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşma Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər

Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

 Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki,  göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

Məhkəmələr tərəfindən bu növ iddialara baxılan zaman, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelərinə riayət edilməlidir.

Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

 Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər.

Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları  ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.

Lakin hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər.

Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real  ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarları qəbul edilərkən həmin Kollegiyanın “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadının hər hansı fərqləndirmə etmədən bu tərzdə tətbiq edilməsi nəticəsində ərizəçilərin Konstitusiyanın  38 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- R.Hacıyevin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı Konstitusiyanın  38 və 60-cı maddələrinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır;

- R.Axundovun Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı Konstitusiyanın  38 və 60-cı maddələrinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI:

 

1. Rövşən Hacıyevin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının  38 və 60-cı maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Ramil Axundovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının  38 və 60-cı maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 

 

 

Sədr                                                                                              Fərhad  Abdullayev

 

 

 

 

 



 

 

 

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarına dair hakim K.Şəfiyevin

 

XÜSUSİ  RƏYİ

 

Konstitusiya Məhkəməsinin Plenumun Qərarına hörmətlə yanaşaraq və nəticəvi hissə ilə razı olaraq, təsviri-əsaslandırıcı hissə ilə bağlı aşağıdakı mövqeyimi bildirirəm.         Azərbaycan Respublikasında pensiya islahatlarının ilkin mərhələsində 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) qəbul edilmişdir.

Həmin Qanun pensiya hüququnun həyata keçirilməsi ilə bəzi məhdudlaşdırıcı normalar nəzərdə tuturdu. Belə ki, Qanunun 106-ci maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir.

Konstitusiya Məhkəməsinin Plenumunun 22 may 2001-ci il tarixli qərarı ilə «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 106-cı maddəsinin birinci hissəsi Konstitusiyasının 25 və 38-ci maddələrinə uyğun olmadığına  görə  qüvvədən düşmüş hesab edilmişdir.

Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Sosial həmrəylik prinsipinin pensiya sistemində tətbiqi yaşlı və cavan nəsillərin həmrəyliyi və sosial əməkdaşlığını nəzərdə tutur.

2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

Əmək pensiyası sahəsində aparılan islahatlar nəticəsində onun tərkibinə sosial müdafiə, pensiya təminatı, əmək münasibətləri və sığorta xüsusiyyətlərini əks etdirən sığorta hissəsi əlavə edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta  qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Beləliklə, əmək pensiyasının sığorta hissəsi vətəndaşların öz fərdi hesablarına  onlara məxsus əmək haqqından ayrılmış pullarla yatırım etdikləri vəsaitdir ki, bu vəsaitlər gələcəkdə onlara ödənilməsi üçün nəzərdə tutulmuşdur.

Həmrəylik sistemi hazırda işləyənlərin ödədikləri sosial sığorta haqqı hesabına yaşlı nəslin pensiyalarının maliyyələşdirilməsini nəzərdə tutur. Bundan fərqli olaraq, sosial sığorta sistemində hazırda işləyənlərin icbari, yaxud könüllü qaydada ödədikləri sosial sığorta haqqı cari pensiya xərclərinə sərf olunmur. Sosial həmrəylik sistemindən fərqli olaraq sosial sığorta sistemində vətəndaşın əmək haqqından ödədiyi vəsait onun fərdi hesabında toplanır. Həmin vəsait vətəndaşa məxsusdur və pensiya yaşına çatdıqda ona qaytarılır.        

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin  (bundan sonra – Avropa Məhkəməsi) president hüququna müvafiq olaraq pensiya hüququ konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Məhkəmənin qərarlarında qeyd olunur ki,hətta sığorta haqqının ödənişi nəzərdə tutulmayan sosial təminat sistemində də sosial pensiya və müavinatlar 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün mülkiyyət təşkil edə bilər (Buxen Çex Respublikasına qarşı iş üzrə 26 noyabr 2002-ci il tarixli Qərar, § 46).

Yaşa görə pensiya ödənişini nəzərdə tutan qanunvericilik, bu pensiyanın sosial sığorta haqlarının ödənilməsi ilə şərtlənib-şərtlənməməsindən asılı olmayaraq, onun şərtlərinə cavab verən şəxslər üçün 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət marağı yaradır (Karson və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 16 mart 2010-cu il tarixli Qərar, § 64).

Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarxili Qərarı).

Azərbaycanın hüquq sistemində hüquq normasının geriyə qüvvəsinin əsas şərtləri Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində öz əksini tapmışdır. Həmin normaya əsasən, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsinin vacib şərtlərindən biri retrospektivliyin Qanun səviyyəsində tanınmasıdır. Hüquq normasının retrospektivliyinin Qanun əsasında göstərilməsi təyinat baxımından onun məqsədli olmasını ifadə edir və hüquqi müəyyənlik baxımından nəticələrini görmək imkanını yaradır.

Konstitusiyanın 94-cü maddəsinin və 149-cu maddəsinin I hissəsinin müddəaları hər hansı normativ hüquqi aktın geriyə qüvvəsinin şamil edilməsi qanunverici tərəfindən həyata keçirilməsini mümkün edir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən sosial təminat məsələlərinə dair ümumi qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmişdir.

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Milli Məclis tərəfindən qəbul edilmiş 6 may 2016-cı il tarixli,  227-VQD saylı, 19 yanvar 2016-cı il tarixli, 107-VQD saylı, 12 iyul 2019-cu il tarixli, 1648-VQD saylı, 1 may 2020-ci il tarixli,№ 72-VIQD saylı Azərbaycan Respublikası Qanunlarının qüvvəsinin geriyə şamil olunması ilə bağlı həmin normativ hüquqi aktlarda xüsusi norma müəyyən edilmişdir.

Bununla bağlı Konstituisya Məhkəməsi əməkdaşlıq etdiyi Avropa Şurasının Venesiya Komissiyasına üzv olan bir sıra dövlətlərin konstitusiya nəzarəti orqanlarının hüquqi mövqeylərini də öyrənmişdir. Belə ki, Litva, Slovakiya, Moldova və digər ölkələrin Konstitusiya Məhkəmələrinin rəy və təcrübələrinə əsasən sosial hüquqlar, pensiya təminatı və ümumiyyətlə hər hansı normativ hüquqi aktın geriyə qüvvəsinin şamil edilməsi qanunverici tərəfindən həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumu 28 yanvar 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna edilmir. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur:

-fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran;

-hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.

Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən  azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.

“Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 32.1-1-ci maddə 01.07.2017-ci ilədək yaşa görə əmək pensiyası almaq hüququ yaranan şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, əmək pensiyasının 01 iyul 2017-ci il tarixindən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi qaydası yaşa görə əmək pensiyası almaq hüququ olan şəxslərin Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.

Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan üç ilik məhdudiyyət normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi konstitusion prinsiplə yanaşı “qazanılmış hüquq” konsepsiyası baxımından da təhlil edilməlidir.

Bu prinsipin mənasına görə qəbul edilmiş yeni qaydalar əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni, norma qüvvəyə mindikdən sonra yaranmış münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz .

“Əmək pensiyaları haqqında” Qanuna Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanunu ilə əlavə edilmiş 32.1.1-ci maddəsi “qazanılmış hüquq” konsepsiyası baxımından əksinə fiziki şəxsin vəziyyətini ağırlaşdırır.

Yuxarıda qeyd olunanlara əsasən Qərarın təsviri-əsaslandırıcı hissəsində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiq edilməsinə dair mövqe dəqiq və birmənalı bildirilməlidir.

Beləliklə hesab edirəm ki, Ali Məhkəmənin İnzibati Kollegiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadı Konstitusiyanın 7, 29, 38, 81, 94  və 149-cu maddələri ilə uzlaşmır.

“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə müəyyən edilən üç ilik məhdudiyyət həmin dəyişikliykdən sonra pensiya almaq hüququ yaranan şəxslərə münasibətdə tətbiq edilə bilər.

“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyk qüvvəyə minənə  qədər (1 iyul 2017-ci il) pensiya almaq hüququ yaranan şəxslərin pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün müraciət etmə vaxtından asılı olmayaraq həmin norma (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan üç ilik məhdudiyyət) onlara şamil edilməməlidir.

 

 

Hakim                                                                     Kamran Şəfiyev