Qərarlar

28.07.21 “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

                                                                

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

28 iyul 2021-ci                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

  

“Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Faktor Lizinq” MMC) Fayaz Hüseynova qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması, cavabdehin lizinq obyekti olan mənzildən çıxarılması, 21 yanvar 2017-ci il tarixinədək yaranmış ümumilikdə ABŞ dolları ekvivalentində borcun (lizinq məbləği üzrə, faiz məbləği üzrə və cərimə) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq alan lizinq müqaviləsinin tələblərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə “Faktor Lizinq” MMC-nin iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə F.Hüseynovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin  qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 24 yanvar 2019-cu il tarixli qərarı ilə F.Hüseynovun kassasiya  şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə F.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya  məhkəməsinin qətnaməsi qismən ləğv edilərək lizinq alandan lizinq mükafatı üzrə məbləğin bir hissəsinin tutularaq “Faktor Lizinq” MMC-yə ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair hissələrdə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 

Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı ilə F.Hüseynovun kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, lizinq alandan lizinq məbləği, lizinq mükafatı, dəbbə pulu üzrə məbləğin alınaraq “Faktor Lizinq” MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

“Faktor Lizinq” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29 və 60-cı maddələrinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157 və 748-1.12-ci maddələrinə,  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 417.1.4 və 417.2-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Faktor Lizinq” MMC-nin mülkiyyətində olan mübahisəli mənzil 16 iyun 2016-cı il tarixli müqaviləyə əsasən hər ay 1 782 ABŞ dolları məbləğində pulun ödənilməsi şərti ilə 35 000 ABŞ dollarına F.Hüseynova lizinqə verilmişdir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mənzili iddiaçıya verməkdən imtina etmişdir. Sonuncu dəfə 14 sentyabr 2016-cı il tarixində F.Hüseynova borcun ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilsə də o, öhdəlikləri könüllü icra etməkdən boyun qaçırmışdır. 

İkinci dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 11 iyul 2019-cu il tarixli qətnaməsində Mülki Məcəllənin 747.1, 748-10.1, 748-10.4, 748-1.12.4-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu halda lizinq verənin lizinq obyektini geri almaq, bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranmışdır.   

Ali Məhkəmənin Mülki Kollegiyası 21 yanvar 2020-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün hallarını araşdırsa da, (bəzi hallarına) həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 747.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, həmin normanın tələbinə görə, lizinq müqaviləsi üzrə nəzərdə tutulan məbləğin tam ödənilməsi halında lizinq obyekti olan mənzil lizinq alanın mülkiyyətində qalmalıdır. Ona görə də lizinq verən lizinq müqaviləsi üzrə lizinq borcunu və lizinq mükafatını tam tələb etməkdə haqlı olsa da, lizinq obyekti olan mənzili tələb etməkdə haqlı olmamışdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya şikayətində qaldırılan məsələlərin düzgün həll edilməsi üçün Konstitusiyanın və mülki prosessual qanunvericiliyin ədalət mühakiməsinə aid normalarına, həmçinin hal-hazırda qüvvədə olan mülki qanunvericiliyin lizinqi tənzimləyən bəzi müddəalarına bir daha diqqət yetirilməsini zəruri hesab edir.    

Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər (Mülki  Məcəllənin 747-1.1, 747-1.3 və 747-1.5-ci maddələri).

Göründüyü kimi, istənilən hüquqi və ya fiziki şəxs lizinq alan qismində istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edə bilər. Mülki Məcəllənin sadalanan maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə hər hansı tələb irəli sürülməmişdir. Eyniliklə lizinq müqaviləsinin mühüm şərtlərini müəyyən edən Mülki Məcəllənin 748-ci maddəsində lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi, həmin obyektdən məhz gəlir götürmək məqsədi ilə istifadə edilməsinə dair şərt göstərilməmişdir.

Mülki qanunvericilikdən fərqli olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 140.1-ci maddəsinin 2018-ci il 30 noyabr tarixindən qüvvədə olan yeni redaksiyasına görə, müqavilə üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər.

Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, mövcud məsələ mülki xarakterli olmaqla Mülki Məcəllə ilə tənzimlənir. Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Buna görə də Vergi Məcəlləsinin 140.1-ci maddəsində müəyyən olunmuş tələblərə müstəsna olaraq vergi münasibətləri çərçivəsində baxılmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərar).

Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır (Mülki Məcəllənin 747-2-ci maddəsi).

 Lizinq əməliyyatlarının hüquqi formalarını tənzimləyən Mülki Məcəllənin 747-5.1-ci maddəsinə əsasən, lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alğı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir.

Həmin Məcəllənin 747-5.2-ci maddəsindən göründüyü kimi,  lizinqlə əlaqədar bağlanılan alğı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir:

-  lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir;

-  lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alğı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir.

  Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir: lizinq müqaviləsinin adında lizinqin forması, lizinq obyektinin dəqiq təsviri, lizinq obyekti üzrə verilən hüquqların həcmi,  lizinq obyektinin verilmə yeri və qaydası,  lizinq müqaviləsinin müddəti, lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği, hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki və s. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır  (Mülki Məcəllənin 748.2 və 748.3-cü maddələri).

Mülki Məcəllənin 748-1-ci maddəsində lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Məcəllənin 748-1.12-ci maddəsində göstərilmişdir ki, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

- lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;

- lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;

- lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;

- lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

Lizinq zamanı mülkiyyət münasibətlərinə dair Mülki Məcəllənin 748-2.1, 748-2.2 və 748-2.5-ci maddələrində göstərildiyi kimi, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

Lizinq ödənişləri Mülki Məcəllənin 748-10.1-ci maddəsində lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği kimi müəyyən edilmişdir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin 748-10.4-cü maddəsinə uyğun olaraq, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Bu Məcəllənin 748-10.6-cı maddəsinə əsasən, lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.

 Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ və s. daxildir (Mülki Məcəllənin 748-11.1.1, 748-11.1.2, 748-11.1.3, 748-11.1.5-ci maddələri).

 Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinin təmin edilməsi məqsədi ilə lizinq verənə nəzarət etmək hüququ vermişdir. Belə ki, lizinq alan lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri və lizinqin obyekti ilə maneəsiz tanış olmaq və onlara baxış keçirilməsi imkanını təmin etməlidir (Mülki Məcəllənin 748-12.1 və 748-12.3-cü maddələri).

Yuxarıda sadalanan maddələrin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.

Göründüyü kimi,  lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır.

Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən  lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar, həmçinin öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.

Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).

Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

Qeyd edildiyi kimi, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, lizinq alan lizinq müqaviləsində müəyyənləşdirilmiş şərtlərə əməl etməmiş, bir neçə ay mənzildən istifadə üçün haqqı ödədikdən sonra 3 aydan çox müddətdə bu haqqı ödəməkdən boyun qaçırmış, bununla da lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranmışdır.

Kassasiya instansiyası məhkəməsi göstərilən məhkəmələrin müəyyən etdiyi faktiki halların və Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinin əksinə belə nəticəyə gəlmişdir ki, verilmiş mənzil lizinq alanda qalmalı, lizinq verən isə lizinq borcunu və lizinq mükafatını tələb etməkdə haqlıdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi lazım bilir ki,  Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, "mülki hüquq və vəzifələr" ilə bağlı "mübahisə" yarandıqda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində şəxsin öz mülki hüquq və vəzifələri ilə bağlı məhkəməyə və ya tribunala iddia ərizəsi ilə müraciət etmək hüququ təsbit edilmişdir. Bununla, həmin maddənin bir xassəti də məhkəmələrdə mülki icraatın başlanmasına hüquq verən “məhkəməyə müraciət etmək hüququ”ndan ibarətdir. Əlavə olaraq bura həm məhkəmənin təşkili, həm də tərkibi, icraatın aparılması ilə əlaqədar 6-cı maddənin 1-ci bəndində müəyyən edilən zəmanətlər əlavə olunur. Bütün bunların hamısı ümumilikdə “ədalətli məhkəmə araşdırması” hüququnu təşkil edir (Qolder Birləşmiş Krallığa qarşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar, § 36).

Məhkəmə müdafiəsi təminatının əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.

 Mülki prosessual qanunvericiliyə uyğun olaraq, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.

Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Həmin Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 3 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il, 21 iyun 2010-cu il, 28 fevral 2012-ci il, 18 fevral 2014-cü il və 3 oktyabr 2016-cı il tarixli qərarlarında da öz əksini tapmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyası isə hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən hallara və sübutlara lazımi diqqət yetirmədən, Mülki Məcəllənin 747.1-ci maddəsini yanlış təfsir edərək, həmin Məcəllənin 748.2.1, 748.2.2, 748.2.5 və 748-1.12-ci maddələrinin tələblərini nəzərə almadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, F.Hüseynovdan lizinq məbləği, lizinq mükafatı və dəbbə pulu üzrə daha yüksək məbləğin tutularaq “Faktor Lizinq” MMC-yə verilməsi, lizinq verənin lizinq obyekti olan mənzili tələb etməkdə haqlı olmaması nəticəsinə gəlmişdir.

Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək bu məhkəmə tərəfindən müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə başqa nəticələrə gəlmiş, bununla da “Faktor Lizinq” MMC-nin Konstitusiyada təsbit edilmiş məhkəmə təminatı hüququnu pozmuşdur.

Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu (lizinq alan) tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

Ali Məhkəmənin Mülki Kollegiyası isə lizinq alanın məsuliyyətinin ölçüsünün, habelə tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasının mümkünlüyünü nəzərə almamış, əksinə bu məbləği artıraraq nəticədə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinin pozulmasına səbəb olan 21 yanvar 2020-ci il tarixli qərar qəbul etmişdir.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Faktor Lizinq” MMC-nin F.Hüseynova qarşı 16 iyun 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1. “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Fayaz Hüseynova qarşı 16 iyun 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                  Fərhad Abdullayev