Qərarlar

06.04.21 F.Məcnunbəyovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

F.Məcnunbəyovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

 6 aprel 2021-ci il                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında F.Məcnunbəyovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin vəkili A.Məhərrəmovanın və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Nurməmmədovun mülahizələrini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Fərəh Məcnunbəyova İsmayıl Rüstəmova qarşı birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi, mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, F.Məcnunbəyovanın Bakı şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 16 saylı evin 2 saylı mənzilindən istifadə hüququ tanınaraq həmin mənzilə köçürülməsi, Sabunçu rayonu Vişnyovka-1 1429 V saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində ¼ hissədə, “ZAZ 968 M” markalı avtomobil üzərində ½ hissədə, “Laboratoriya Təchizatları Şirkəti-LTŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İ.Rüstəmova məxsus təsis payı üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması qət olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə İ.Rüstəmovun apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 3 fevral 2020-ci il tarixli qərarı ilə F.Məcnunbəyovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

F.Məcnunbəyova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçinin qənaətinə görə, Ali Məhkəmənin Mülki Kollegiyasının qeyd edilən qərarı ilə onun Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416 və 418-ci maddələrinin tələbləri pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

Ümumi mülkiyyət hüququnun yaranması əsaslarından biri də nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 31-37-ci maddələri ilə müəyyən edilir.

Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri).

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, F.Məcnunbəyova və  İ.Rüstəmov 16 fevral 1986-cı il tarixində Bakı şəhərində rəsmi nikaha daxil olaraq Bakı şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 16 saylı evin 2 saylı mənzilində yaşamış, 1992-ci ildə isə Amerika Birləşmiş Ştatlarının (bundan sonra ABŞ) Kaliforniya Ştatına köçmüşlər. Tərəflər Azərbaycan Respublikası vətəndaşlığını saxlamaqla ABŞ vətəndaşlığını da qəbul etmişlər. ABŞ-ın Kaliforniya Ştatı Los-Anceles Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli qərarı ilə F.Məcnunbəyova və  İ.Rüstəmov arasındakı nikah pozulmuş və onlar arasında əmlak bölgüsü haqqında razılaşma təsdiq edilmişdir.

İ.Rüstəmov göstərilən qərarın Azərbaycan Respublikasında tanınması haqqında ərizə ilə Ali Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərardadı ilə ABŞ-ın Kaliforniya Ştatı Los-Anceles Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli qərarı yalnız nikahın pozulması hissəsində tanınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə F.Məcnunbəyovanın iddiasını rədd edərkən qətnaməsini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi haqqında iddia qanunvericiliklə müəyyən edilmiş üç illik müddət ötürülməklə verilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması tələbinin təmin edilməsini qanunsuz hesab etmişdir.

Qeyd edilməlidir ki, ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələblərə dair iddia müddəti Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin     377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarında göstərmişdir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsi ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunmuşdur.

Belə ki, Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur.

Yəni qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bu müddətin tətbiqi ilə bağlı məsələlərdə Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir.

Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

Göründüyü kimi, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Ailə Məcəlləsinin 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı  Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaların rəhbər tutulduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

Lakin hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqeyinə, mülki və ailə qanunvericiliyinin normalarının tələblərinə zidd olaraq F.Məcnunbəyovanın nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımını nikahın pozulması tarixindən, yəni ABŞ-ın Kaliforniya Ştatı Los-Anceles Ali Məhkəməsinin nikahın pozulması haqqında 29 iyul 2011-ci il tarixli qərarının qəbul olunduğu andan  hesablamaqla iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyası 1 oktyabr 2019-cu il tarixli qərardadı ilə tərəflər arasında nikahın pozulması haqqında xarici məhkəmənin qərarını bütövlükdə deyil, yalnız nikahın pozulması hissəsində tanımasına baxmayaraq kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, ABŞ məhkəməsinin qərarı ilə təkcə tərəflər arasındakı nikahın pozulması məsələsi deyil, həmçinin ər-arvadın birgə mülkiyyəti hesab edilən daşınar və daşınmaz əmlakın bölünməsi məsələsi də həll edildiyindən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq əmlak tələbi ilə əlaqədar iddia müddətinin axımının həmin qərar qüvvəyə mindiyi vaxtdan hesablanmalı olması qənaətinə gəlmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, xarici dövlətin məhkəmə qərarının tanınması və icrası qaydaları Mülki Prosessual Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 459.0.3-cü maddəsinə görə, xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan və Azərbaycan Respublikasında tanınmalı olan qətnamələrindən biri, nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisinin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələrdir. Məcəllənin 470-ci maddəsi isə ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyini müəyyən edir. Bu maddəyə əsasən,  əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

Hazırkı işdə isə hər iki tərəf Azərbaycan Respublikasının vətəndaşı olduğundan və onlar nikahın ləğv edildiyi vaxt Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqlarından, nikahın ləğv edilməsi barədə xarici məhkəmənin qətnaməsi icrası tələb olunmayan qətnamə hesab edilməklə Azərbaycan Respublikasında tanınmalı qərarlardan olmuşdur.

Mülki Prosessual Məcəllənin 444.0.1-ci maddəsinə görə, daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə, Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aiddir. Bu baxımdan nikah dövründə əldə edilmiş ümumi əmlakdakı payların bölünməsi tələbinə dair iddia müddətinin axımının nikahın pozulması tarixindən, yəni ABŞ-ın Kaliforniya Ştatı Los-Anceles Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli qərarının qəbul olunduğu andan  hesablanması mülki prosessual qanunvericiliyin normalarına da uyğun  olmamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

Kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.  Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələri).

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası 3 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq maddi hüquq normalarının pozulması ilə çıxarılmış qətnaməni dəyişdirmədən saxlamışdır ki, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, F.Məcnunbəyovanın İ.Rüstəmova qarşı birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi, mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. F.Məcnunbəyovanın İ.Rüstəmova qarşı birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi, mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                       Fərhad Abdullayev